Vaxt.Az

Səsvermə öncəsi həmlələr arta bilər


 

İki ölkənin maliyyə nazirləri Rusiyaya qarşı sanksiyaları gücləndirməyi müzakirə edib

Səsvermə öncəsi həmlələr arta bilər Ukrayna prezidenti Vladimir Zelenski bu həftə Avropa İttifaqı liderlərinin Ukraynanın Aİ-də namizəd statusunu dəstəkləyib-dəstəkləməyəcəyini nəzərdən keçirdiyi vaxt “biz Rusiya tərəfindən daha böyük düşmən fəaliyyəti gözləməliyik” deyə bildirib.

“Və təkcə Ukraynaya qarşı deyil, həm də digər Avropa ölkələrinə qarşı. Biz hazırlaşırıq. Biz hazırıq. Biz tərəfdaşları xəbərdar edirik”, – Zelenski bazar günü gecə çıxışında qeyd edib.

Avropa Komissiyası ötən həftə Ukraynanın namizəd statusu almasını tövsiyə edib. 27 üzv dövlət cümə axşamı və cümə günü keçiriləcək sammitdə məsələni müzakirə edib səslərini verəcək. Əgər Ukrayna namizəd statusu alsa, Avropa İttifaqına tam şəkildə daxil olmaq prosesi bir neçə il çəkə bilər.

Zelenski bildirib ki, Ukraynanın son aylarda Rusiyanın səylərinin mərkəzində olan şərq bölgəsi “Donbasda şiddətli döyüşlər davam edir”.

Bu arada, ABŞ-ın maliyyə naziri Canet Yellen və Kanadanın maliyyə naziri Kristia Friland arasında bazar ertəsi Torontoda keçiriləcək görüşdə sanksiyalar və Rusiyaya qarşı iqtisadi təzyiqi gücləndirməyin digər yollarının müzakirə ediləcəyi gözlənilir.

“Onlar həmçinin Rusiyanın təcavüzü nəticəsində qlobal nəticələrin yumşaldılması üçün birgə səyləri, o cümlədən yüksək qaz və enerji xərclərini aradan qaldırmaq üçün qısa müddətdə yanacaq istehsalının artırılması zərurətini müzakirə edəcək və ortamüddətli perspektivdə asılılığımızı azaldacaq təmiz enerji texnologiyalarının tətbiqinin vacibliyini bir daha təsdiq edəcəklər”, – ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

NATO-nun baş katibi Yens Stoltenberq bazar günü Rusiyanın Ukraynada müharibəsinin uzunmüddətli ola biləcəyi barədə xəbərdarlıq edib, lakin deyib ki, Qərb müttəfiqləri Kiyev qüvvələrinə dəstəyini məhdudlaşdırmamalıdır.

“Biz bunun illər çəkə biləcəyinə hazırlaşmalıyıq. Biz təkcə hərbi dəstək üçün deyil, həm də enerji və ərzaq qiymətlərinin artması səbəbindən xərclər yüksək olsa belə, Ukraynanı dəstəkləməkdən imtina etməməliyik”, – deyə Stoltenberq Almaniyanın həftəlik “Bild am Sonntag” qəzetinə müsahibəsində bildirib.

Rusiya müharibənin əvvəlində Zelenski hökumətini devirmək və paytaxt Kiyevi ələ keçirməyə nail ola bilməsə də, ölkənin şərq hissəsində, Rusiya nəzarət etməyə çalışdığı daha geniş Donbas bölgəsinin bir hissəsi olan Luqansk vilayətində sənaye şəhəri olan Severodonetsk ətrafında intensiv döyüşlər gedir.

 





20.06.2022    çap et  çap et