– Bu həftə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Vaşinqtonda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb. Danışıqlar zamanı onlar ABŞ və Azərbaycan arasında əməkdaşlıq və digər regional məsələləri müzakirə eidblər. Ağ Evin açıqladığı bəyanatda iki ölkənin ikitərəfli əlaqələri daha da dərinləşdirməyə hazır olduqlarını bəyan etdiyi bildirilib. ABŞ-Azərbaycan münasibətlərinin hazırkı durumu haqda nə söyləyə bilərsiniz? İki ölkə arasında əməkdaşlığın hansı sahələrdə dərinləşdiriləcəyi gözlənilir?
– Əvvəlcə onu deyim ki, mən dəqiq bilmirəm. Mən artıq ABŞ hökumətinin üzvü deyiləm və mən də sizin kimi müşahidəçiyəm. İkinci demək istədiyim odur ki, mən ən azından əməliyyat baxımından bunun çox mühüm olduğunu, dövlət katibi Blinkenin prezident Əliyevlə telefon danışıqları və əlbəttə ki, Blinkenin xarici işlər naziri Bayramovla qarşılıqlı əlaqələrinə əlavə olaraq hazırda milli təhlükəsizlik müşavirləri arasında görüşün keçirilməsini olduqca əhəmiyyətli hesab edirəm. Ona görə ki, milli təhlükəsizlik müşavirləri görüşəndə bu, münasibətlərin artıq dərinləşməsi deməkdir. Çünki bilirsiniz ki, diplomatiya formal şəkildə xarici işlər nazirlikləri və xarici işlər nazirləri arasında aparılır, lakin indi milli təhlükəsizlik müşavirlərinin görüşməsi ilə bu, hər iki tərəfin daha strateji bir istiqamətdə razılaşdığını və yəqin ki, hər iki prezident üçün maraqlı olan bəzi konkret təşəbbüslərin nəzərdə tutulduğunu göstərir.
Sizin sualınız budur ki, bu, hansı sahələr ola bilər? Enerji, tam yəqindir ki, bu, bir tərəfdən enerjidir. Prezident Baydenin Avropa İttifaqına və ya ABŞ-ın avropalı müttəfiqlərinə 15 milyard kubmetr təbii qazın alınmasına kömək etmək vədi ilə enerji Avropa üçün əsasən təbii qaz deməkdir. O mənim fikrimcə, ABŞ-ın mayeləşdirilmiş təbii qazını, daha sonra isə növbəti beş və ya üç il ərzində əlli milyard kubmetri nəzərdə tuturdu. Amma eyni zamanda Bayden administrasiyası onun bütün avropalı müttəfiqlərinin Azərbaycanın qapılarını döydüyünü və mümkün olan qazı almaq istədiyini bilir. Onu da deyim ki, hazırda Azərbaycanda çox həcmdə qaz yoxdur. Demək istədiyim odur ki, Azərbaycan bütün cənub dəhlizinin maliyyələşdirilməsi və inşası üçün bu günə qədər özünün ən böyük hissəsini, qısamüddətli hasilatının ən böyük hissəsini satıb. Yəni qazın həcmi azdır, əlavə qaz var, amma çox deyil.
Bəs mövcud qaz haradadır? Mənim qeyd etmək istədiyim üçüncü məqam da budur: Bu qaz Xəzərin o tayında Türkmənistandadır. Belə ki, Türkmənistanda dünyanın ikinci ən böyük təbii qaz ehtiyatları böyük ölçüdə istifadə olunmayıb və buna görə də Türkmənistan öz qazını Avropaya çatdırmaq istəyir. Problem ondadır ki, Rusiya və İran Transxəzər qaz kəmərinə qarşıdır. Buna görə də son vaxtlar Türkmənistanın İranın şimal-şərqinə qaz tədarükü ilə bağlı kifayət qədər intensiv diplomatiya aparılır. İran daha sonra həmin qazın kiçik bir hissəsini ödənişli olaraq götürəcək və daha sonra ekvivalent həcmdə təbii qaz İrandan, İranın qərbindən ayrıca boru kəməri sistemi ilə Azərbaycana, Azərbaycandan Türkiyəyə və oradan da Avropaya ixrac ediləcək. Bu, mürəkkəb diplomatiyanın özü kimi mürəkkəbdir. Bayden administrasiyasının İran vasitəsilə bu cür qaz mübadiləsini dəstəkləyəcəyi və ya qəbul edib-etməyəcəyi ilə bağlı şübhələr və ya suallar var idi. Mənim fikrimcə, Bayden administrasiyası bu cür mübadilələrə razı olacaq və Türkmənistan qazının Azərbaycandan hələlik az həcmdə, 2027-ci ildən sonra isə bəlkə də daha çox həcmdə qaz olmaqla Azərbaycan vasitəsilə Avropaya çatdırılmasını istəyir. Beləliklə, yenə də bütün bu diplomatiya və maliyyə əməliyyatlarının təşkili mürəkkəbdir. Buna görə də mən əminəm ki, təsvir etdiyim hər şey bəlkə də çox təfərrüatlı deyil, amma fikrimcə, strateji mənada gündəmdə olub.
İkinci də, qısaca olaraq qeyd edəcəm, Qarabağ və Qarabağın gələcəyi məsələsi Bayden administrasiyası üçün ciddi məsələdir. Güman edirəm ki, Bayden administrasiyası öz güclü dəstəyini ifadə edir və Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi və Azərbaycanla Ermənistan arasında sərhədin müəyyən edilməsinə dair danışıqların asanlaşdırılması üçün mümkün olan hər şeyi etməyə hazırdır və bunu Putin Rusiyasının ixtiyarına buraxmaq istəmir.
– Bayden administrasiyasının Rusiyanın Ukraynaya müdaxiləsi fonunda Azərbaycanın Avropanın enerji thəlükəsizliyində artan rolu ilə bağlı mövqeyi nədən ibarətdir? Ukraynada müharibənin daha geniş mənada region üçün hansı nəticələri ola bilər?
– Bayden administrasiyası, bundan əvvəl qeyd etdiyim kimi aydındır ki, ABŞ və Azərbaycan arasında strateji münasibətləri Avropanın Rusiyadan olmayan təbii qaza ehtiyacına görə həmişəkindən daha vacib hesab edir. Mən ona da diqqət verdim ki, prezident Bayden və prezident Əliyev arasında çox vaxt rəsmi, əsasən də milli bayramlarla və ya Azərbaycanın Birləşmiş Ştatlar da daxil olmaqla bir çox ölkələrlə diplomatik əlaqələrinin 30-cu ildönümünü ilə əlaqədar yazışmalar şəklində olan məktublar vasitəsilə kommunikasiyalar indi fərqlidir. Onlar daha çox strateji tərəfdaşlığa diqqət yetirir və mənim [səfir olduğum] dövrdə olduğu kimi Azərbaycanın demokratikləşmə istiqamətində yetərincə irəliləyişə nail olmaması ilə bağlı şikayətlərə daha az diqqət ayrılır, indi bu, azdır və strateji uyğunlaşma arzusunun ifadə olunmasına daha çox yer verilir. Onu da qeyd edim ki, mən bunu Avropa İttifaqının da Azərbaycanla təmaslarında görürəm və bu, dörd-beş ildir ki, davam edir.
İkinci sualınıza cavab olaraq, Rusiyanın Ukraynaya təcavüzü və Avropanın Rusiya qazından, eləcə də qismən embarqo ilə neftdən hər hansı asılılıqdan azad olmaq istəyi Azərbaycanla münasibətləri daha da vacib edir. Bunlar Rusiyanın Ukraynaya təcavüzünün birbaşa nəticələridir. Lakin mən heç bir şəkildə demirəm ki, ABŞ və onun avropalı müttəfiqləri Azərbaycanda daxili islahatların əhəmiyyətini itirdiyini bəyan edirlər. Bu, hələ də çox vacibdir. Düşünürəm ki, Azərbaycan hökumətində prezidentdən başlayaraq çoxları razılaşar ki, əgər öz xalqınıza rifah və azadlıq yaratmırsınızsa, ölkənizdə uzunmüddətli sabitlik və inkişafa nail ola bilməzsiniz və dünyada hörmət qazana bilməzsiniz. Düşünürəm ki, Bakı ilə Vaşinqton arasında fərq həmin demokratik və bazar iqtisadiyyatı dəyişikliklərinin irəliləyiş templərindədir. Beləliklə də əvvəl söylədiyim fikri yenə də qeyd etmək istəyirəm ki, Bayden administrasiyasının Azərbaycanla strateji uyğunlaşmaya daha çox diqqət yetirdiyi görünür və bu da Ukraynada müharibənin nəticəsidir.
– Siz Qarabağı qeyd etdiniz. Birləşmiş Ştatlar həmçinin Avropa İttifaqının vasitəçiyilə Azərbaycan və Ermənistan arasında uzun müddətli hərtərəfli sülhə nail olunması üçün diplomatik səylərə dəstəyini bir daha ifadə edib. ABŞ prosesə daha yaxından, daha aktiv necə cəlb oluna bilər və siz regionda sülh perspektivləri haqda nə düşünürsünüz?
– Demək istəyirəm ki, ABŞ-ın çox aktiv olmasının uzun bir tarixi var. Mən Minsk Qrupunun keçmiş həmsədri olmuşam, amma Minsk qrupu hazırda "mövcud" deyil. Sülhməramlı və ya vasitəçilərdən birinin heç bir təxribat olmadan öz qonşularından birinə ikinci dəfə təcavüz etdiyi halda siz Qarabağda, Azərbaycanın və Ermənistanın qalan hissəsində sülhə nail ola bilməzsiniz.
ABŞ-ın cəlb edilmək üçün bir sıra başqa vasitələri var. Prezidentin müşaviri Hacıyevlə milli təhlükəsizlik müşaviri Sullivan arasında baş tutan görüş haqda danışdıq. Və pərdə arxasında həmişə koordinasiya var. Minsk Qrupu vasitəsilə deyil, Vyanada diplomatik səviyyədə və Avropa İttifaqının sülh danışıqlarını dəstəkləyən ABŞ-ın bütün müttəfiqləri ilə nəzərdə tuturam. Onu da əlavə etmək istərdim ki, Avropa İttifaqının bu rolu oynamasının çox vacib olduğunu hesab edirəm.
Mən uzun illər boyu Bakıda səfir olduğum vaxtlardan düşünmüşəm ki, Avropanın əsas vasitəçisinin təkcə bir ölkə deyil, özü də 10 noyabr 2020-ci ildə münaqişədə bir tərəfi digərinə qarşı dəstəkləməyi seçən ölkə deyil, bütövlükdə Avropa İttifaqının özünün olması daha məqsədəuyğundur. Buna görə də Avropa İttifaqı və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bu rolu oynaması çox yaxşıdır. Mən əminəm ki, Mişel Vaşinqtonla koordinasiya aparır və inanıram ki, Vaşinqton Mişelin istədiyi hər cür aktiv və operativ dəstəyi təklif edir. Onu da düşünürəm ki, ABŞ və Azərbaycanın münasibətlərini bu şəkildə dərinləşdirməsi sırf simvolik baxımdan reallıq olaraq Azərbaycana danışıqlarda bəlkə də daha cəsarətli olmaq üçün müəyyən qədər siyasi rahatlıq verir.