Mirziyoyev iyunun 20-də deyib ki, o ötən ilin dekabrında düzəlişləri təklif edəndən sonra ölkə vətəndaşlarından 48 min 500 təklif daxil olub: “Düşünürəm ki, biz konstitusiya islahatlarını vətəndaşların arzu və dəstəyini nəzərə alaraq referendumla qəbul etsək, bu, xalqın iradəsi, əsl xalq konstitusiyası olar”.
Prezident əlavə edib ki, dünyada yaranmış təhlükəli və mürəkkəb vəziyyətə görə konstitusiya dəyişikliklərinin qəbulu zəruridir.
O vəziyyətin təhlükəliliyinin və mürəkkəbliyinin konkret olaraq nədən ibarət olduğunu deməyib.
Özbəkistan parlamenti yuxarı palatasının spiker müavini Sodiq Safoyev bundan əvvəl Kun.az saytına müsahibəsində demişdi ki, sözü gedən dəyişikliklər Mirziyoyevin bundan əvvəlki prezidentlik müddətlərini “sıfırlayacaq” və beləliklə onun namizədliyini üçüncü dəfə irəli sürməsinə imkan yaranacaq.
***
Hazırkı seçki qanununa görə bir şəxs yalnız hərəsi 5 il olmaqla iki dəfə prezident seçilə bilər.
64 yaşlı Mirziyoyev özünün indiki ikinci müddətinə ötən ilin oktyabrında seçilib.
Onun rəqibləri cəmiyyətdə az tanınan hökumətyönlü dörd nəfər idi.
Bu seçkidə müxalifət namizədlərinin qeydiyyatına icazə verilməmişdi.
Mirziyoyev iyunun 20-də habelə ölüm cəzasından danışıb və deyib ki, bu cəzanın qadağan olunması konstitusiya ilə təsbit edilməlidir.
Özbəkistanda 1990-cı illərdən bəri ölüm hökmlərinin icrasına moratorium qoyulub.
Mirziyoyev prezident seçildikdən sonra əhalisi 35 milyon nəfər olan ölkənin qapılarını xarici investisiyalar üçün açıb, qonşularla münasibətləri normallaşdırıb və onlarca siyasi məhbusu həbsxanalardan azad edib.
Mirziyoyev hakimiyyətə 2016-cı ildə ölkənin avtoritar lideri İslam Kərimov vəfat etdikdən sonra gəlib.
Müşahidəçilər bildirirlər ki, Mirziyoyev də xələfi kimi məhdudiyyətsiz hakimiyyətə malikdir.
O da Kərimov kimi korrupsiyada və şəxsi sərvət yığmaqda ittiham olunub.