Vaxt.Az

AYİB-dən 105 milyon dollar


 

Avropa Azərbaycana külək elektrik üçün kredit ayırır

AYİB-dən 105 milyon dollar Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinə 105 milyon dollar kredit ayıracaq.

“Kredit alan bu layihəni həyata keçirmək üçün yaradılmış “ACWA Power Azerbaijan” Bərpa Olunan Enerji Məhdud Məsuliyyətli Cəmiyyətidir. AYİB-in Direktorlar Şurası iyulun 20-də keçiriləcək iclasında kreditin ayrılmasını təsdiq etməyi planlaşdırır”, – deyə bankdan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.

Məlumata görə, stansiyanın tikintisi layihəsinin ümumi dəyəri 300 milyon dollardır.

Xəbər verdiyimiz kimi, 2022-ci il yanvarın 13-də gücü 240 MVt olan Xızı-Abşeron külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.

Layihə çərçivəsində hər birinin gücü 6 MVt olan 40 turbin quraşdırılacaq. Bunlardan 17 külək turbininin Abşeron rayonunun Pirəküşkül kəndində, 23-ü isə Xızı rayonunun Sitalçay kəndində quraşdırılacaq.

Layihə “build -own – operate” (tik – sahiblik et – istismarını həyata keçir) prinsipi ilə həyata keçiriləcək. Layihənin investoru Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. Stansiyanın tikinti müddəti 2 ildir.

 





21.06.2022    çap et  çap et