Vaxt.Az

Tərəzinin Rusiya tərəfi ağırlaşır


 

Aşqabad Türkmənistan-Rusiya ikili vətəndaşlığı olanlara pasport verəcək

Tərəzinin Rusiya tərəfi ağırlaşır Türkmənistan prezidenti Serdar Berdıməhəmmədovun Moskvaya səfərinin ardınca ikili Rusiya-Türkmənistan vətəndaşlığı olanlara xarici pasportların verilməsi barədə qərar qəbul edilib.

Bu barədə məlumatı iyunun 21-də Türkmənistanın Miqrasiya Xidməti yayıb.

Xəbərdə deyilir ki, 2003-cü ildən sonra Rusiya vətəndaşlığı almış şəxslər indi Türkmənistan pasportu üçün müraciət edə bilərlər.

Türkmənistan-Rusiya ikili vətəndaşlığı haqqında razılaşma 1993-cü ildə imzalanıb.

Lakin 2003-cü ildə Türkmənistan bu razılaşmanı birtərəfli qaydada ləğv edib.

Buna baxmayaraq ölkədəki Rusiya səfirliyi ikili vətəndaşlığı olanlar üçün Rusiya pasportlarının verilməsini dayandırmayıb.

***

Bundan sonra Türkmənistan ikili vətəndaşlığı olanları vətəndaşlığın yalnız birinin saxlanmasına məcbur edib.

Türkmənistan ikili vətəndaşlığını saxlamaq istəyənlərə Türkmənistan pasportlarının verilməsini dayandırmışdı.

Bu da qeyd olunur ki, seçim qarşısında qalan türkmənlər əksərən Rusiya vətəndaşlığını seçirdilər.

2019-cu ilin ortalarında Türkmənistanda ikili vətəndaşlığı olan bəzi şəxslərə – əsasən uşaqlara və qocalara Türkmənistan pasportlarının verilməsinə icazə verilib.

***

Miqrasiya Xidməti bunu da elan edib ki, Türkmənistan vətəndaşlığından imtina etmiş şəxslər, əgər hələ bu məsələyə baxılmayıbsa, ərizələrini geri götürə bilərlər.

Bu dəyişikliklər Berdıməhəmmədovun iyunun 10-da Moskvaya səfərindən və Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra baş verir.

Bu, hakimiyyəti atasından qəbul etmiş 40 yaşlı Serdar Berdıməhəmmədovun ilk xarici səfəri idi.

 





21.06.2022    çap et  çap et