Vaxt.Az

İstanbulda dördlü zirvə


 

Türkiyə-Ukrayna-Rusiya-BMT görüşündə taxıl böhranın çözümü gözlənilir

İstanbulda dördlü zirvə Gələn həftə İstanbulda Ukrayna, Türkiyə, BMT və Rusiya nümayəndələri arasında Ukrayna taxılının ixracı problemi ilə bağlı danışıqlar keçirilə bilər. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana yaxın çevrələrdəki mənbələrinə əsasən “Milliyet” qəzeti yazıb.

Qəzet yazır ki, danışıq heyətlərinin tərkibi hələki məlum deyil. Məqalədə deyilir ki, bu danışıqlarda Ərdoğanın və BMT-nin baş katibi Antonio Quterrişin iştirakı gözlənilir. Qəzet yazır ki, Türkiyə prezidenti iyunun 20-də BMT-nin baş katibi ilə telefon söhbəti edib.

“Milliyet” qəzetinin yazdığına görə hələ bu görüşdən əvvəl Türkiyədən bir hərbi heyətin Moskvaya səfər edəcəyi gözlənilir.

Bu heyətin Rusiya tərəfi ilə dəniz trafikinin açılmasının texniki tərəflərini müzakirə edəcəyi bildirlir.

***

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna taxılının daşınması ilə bağlı Moskva və Ankara arasında təmasların olduğunu təsdiq edib.

Bu da xəbər verilir ki, danışıqlar müdafiə nazirliklərinin xətti ilə keçiriləcək.

BMT-nin mətbuat xidmətində də sözü gedən görüşün dəqiq tarixi barədə məlumat verilmir.

Ukrayna tərəfi vəziyyətlə bağlı heç bir açıqlama verməyib, lakin bundan əvvəl Kiyev bildirmişdi ki, Rusiya Qara dənizdə minaların təmizlənməsindən Odessa şəhərinə hücum üçün fürsətlənə bilər.

Ukrayna bütün dünyada taxılın dördüncü ən böyük ixracatçısıdır. Ölkə 2021-ci ildə 45 milyon taxıl və paxla satıb.

Hazırda Rusiyanın blokadası ilə bağlı Ukrayna limanlarındakı 22 milyon ton taxılın çıxarılması mümkün deyil.

BMT nümayəndəsi Maurusio Martina deyib ki, Rusiyanın Ukraynaya müdaxiləsi dünyada aclıq çəkənlərin sayını 18 milyon nəfər artıraraq 218 milyona çatdıra bilər.

Ukrayna iyunun 13-də taxılın ilk partiyasını Baltik dənizindən keçən yeni marşrutla Avropa İttifaqına çatdıra bilib.

 





21.06.2022    çap et  çap et