Baxtar agentliyi azı 255 nəfərin öldüyünü xəbər verir, Talibanın başçılıq etdiyi Daxili İşlər Nazirliyinin rəsmisi bunu təsdiqləyib. “Reuters” yüzlərlə yaralının olduğunu yazır.
BBC yerli rəsmiyə istinadla azı 250 nəfərin öldüyünü bildirir.
Nangarhar və Xost vilayətlərində itkilər olub.
Baxtar isə xilasedicilərin vertolyotla hadisə yerinə getdiyini qeyd edir.
Zəlzələnin gücü barədə fərqli məlumatlar gəlir. ABŞ-ın Geoloji Xidməti (USGS) iyunun 22-də erkən saatlarda Əfqanıstanda və Pakistanda 6.1 bal gücündə zəlzələ olduğunu bildirib.
Avropa Aralıq dənizi Seysmoloji Xidməti (EMSC) və Almaniya Geoelmlər üzrə Tədqiqat Mərkəzi isə zəlzələnin gücünün 6.0 bal gücündə olduğunu xəbər verib.
Titrəyişlər Pakistan, Əfqanıstan, Hindistanda 119 milyon əhalinin yaşadığı ərazidə, həmçinin Əfqanıstan paytaxtı Kabildə, Pakistan paytaxtı İslamabadda hiss olunub.
Taliban ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra ölkə təcrid olunmuş vəziyyətdədir. ABŞ-ın başçılıq etdiyi beynəlxalq qüvvələr çıxarılıb.