İclasda «Kapital Bank»ın Audit Komitəsi də yenidən formalaşdırılıb. Oqtay Həsənov Audit Komitəsinin sədri, Murad Əhmədov və Pərvin Salmanova Komitənin üzvləri seçiliblər.
Bununla yanaşı, «Kapital Bank»ın rəsmi auditoru olan «Ernst&Young» şirkəti tərəfindən təqdim edilmiş 2012-ci il üzrə illik hesabat da təsdiqlənib.
Yığıncaqda «Kapital Bank» ASC-nin nizamnamə kapitalının artırılması məsələsinə də baxılıb. Bankın nizamnamə kapitalının məbləğinin 50 mln. manatdan 80 mln. manata qaldırılması barədə qərar qəbul edilib.
Eyni zamanda, Müşahidə Şurasının sədri Mir Camal Paşayevin rəhbərliyi ilə keçirilən Şuranın ilk iclasında Bankın İdarə Heyətinin tərkibində də dəyişikliklər edilib. Bankın İdarə Heyətinin sədri vəzifəsinə Rövşən Şamil oğlu Allahverdiyev seçilib. R.Allahverdiyev bu vəzifəyə qədər «Paşa Bank» ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.
«Kapital Bank»da İdarə Heyəti sədrinin birinci müavini vəzifəsi də təsis edilib. Bu vəzifəyə Fərid Məmmədov, İdarə Heyəti sədrinin müavinləri vəzifəsinə Yaşar Məmmədov və Murad Şirəliyev, İdarə Heyətinin üzvü vəzifəsinə isə Bankın baş maliyyə inzibatçısı Roksana Əfəndiyeva seçiliblər.