Vaxt.Az

Ukrayna və Moldovaya namizəd statusu verəcəyi gözlənir


 

“Bu ölkələrin və vətəndaşlarının gələcəyi Avropa İttifaqı daxilindədir”

Ukrayna və Moldovaya namizəd statusu verəcəyi gözlənir Avropa İttifaqının (Aİ) bu həftəyə gözlənən sammitinin yekun bəyannamə layihəsində Ukrayna və Moldovaya namizəd statusu təklif olunur. “Avropa Şurası Ukraynaya və Moldova Respublikasına namizəd status verməyi qərara alıb”, – 21 iyun tarixli sənəddə deyilir. Sənəddə qeyd olunur ki, Tbilisi bəzi şərtləri yerinə yetirəndən sonra Gürcüstana da eyni status veriləcək.

“Bu ölkələrin və vətəndaşlarının gələcəyi Avropa İttifaqı daxilindədir”, – sənəd layihəsində vurğulanır.

Blokun 27 üzvünün hamısı qərarı dəstəkləməlidir, amma ona hər hansı müqavimətin olacağı real görünmür.

***

Aİ daxilində bu qərarla “problemləri olan bircə ölkə belə yoxdur”, – Luksemburqdan Jan Asselborn iyunun 21-dı Aİ xarici işlər nazirlərinin görüşündən öncə deyib. Onun bir sıra həmkarları da toplantıda eyni fikirləri səsləndiriblər.

Bu qərar Kiyevin Rusiyanın səbəbsiz və əsassız müharibəsinə qarşı müqavimət göstərdiyi bir dönəmdə verilir. Fevralın 24-də başlanan müharibədə onminlərlə insan öldürülüb, nəhəng maddi ziyan dəyib.

Aİ liderlərinin iyunun 23-24-də Brüsseldə keçiriləcək görüşündə Rusiyaya əlavə sanksiyaların hazırlanması açıqlana bilər. Qızılın da sanksiya tətbiq olunan aktivlərə daxil edilməsi mümkündür.

Layihədə deyilir ki, sanksiyalar, o cümlədən onların icrasının möhkəmləndirilməsi və yayınmanın önlənməsi üzərində iş davam edəcək. Blokun Ukraynaya əlavə hərbi dəstək göstərməyə “güclü şəkildə sadiq qaldığı” vurğulanır.

***

Aİ həmçinin belarusluların “yeni, azad və ədalətli seçkilər” hüququnun təmin olunması çağırışlarını vurğulayır, bu ölkənin hakimiyyətini “insan haqları, demokratiya, hüququn aliliyini təmin etməyə, repressiyalara son qoymağa və siyasi məhbusları azad etməyə” çağırır.

2020-ci ilin avqustunda avtoritar lider Aleksandr Lukaşenkonun altıncı müddətə prezident seçildiyi elan ediləndən sonra hakimiyyət nümayişçilərə sərt divan tutub.

İnsan haqları və müxalifət fəalları seçkinin saxtalaşdırıldığını deyirlər. Qərb Lukaşenkonu legitim prezident kimi tanımayıb.

Belarusun müxalifət liderlərindən çoxu ya həbs olunub, ya da ölkədən getməyə məcbur qalıb. Lukaşenko müxalifətlə danışıqlardan imtina edib.

 





22.06.2022    çap et  çap et