Vaxt.Az

İldırım sürətli İT inkişaf


 

Özbəkistanın bir şirkətində 3000 proqramçı xaricə məhsul satır

İldırım sürətli İT inkişaf Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri davam edir. Səfər çərçivəsində ölkələr arasında bir çox sahələr üzrə, o cümlədən innovasiyalar və hərbi-texniki əməkdaşlıqla bağlı rəsmi sənədlər imzalanıb.

Prezident  Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub.

Maraqlı olacağını düşünərək Özbəkistanın İT sahəsilə bağlı bəzi məqamları diqqətə çatdrımaq istədim.

Rusiyanın  Ukraynaya təcavüzündən sonra baş verən sanksiyalar nəticəsində Belarusdan və Rusiyadan köçən İT mütəxəssislərin Özbəkistana gətirilməsi üçün bu ölkə çox ciddi işlər apardı, aqressiv tədbirlər həyata keçirdi.

Özbəkistan rəsmiləri bildirir ki, müharibədən sonra adı çəkilən ölkələrdən Daşkəndə 5000 min İT mütəxəssis gəlib. Yalnız Belarusdan 2000 İT mütəxəssisin gəldiyi açıqlanıb.

Xatırladıram ki, Rusiya rəsmiləri müharibə başlayandan sonra bu ölkəni 70 000 İT mütəxəssisin tərk etdiyini rəsmi olaraq açıqlayıblar.

Daşkənd bu mütəxəssisləri gətirmək üçün reysləri təşkil etmişdi. Təkcə Belarusa 12 çarter təyyarə göndərilmişdi ki, İT mütəxəssisləri relokasiya edə bilsin.

Aleksandr Lukaşenko reyslərin birinin qarşısını almağa çalışarkən insident yaranmışdı. Amma reysi dayandırmaq cəhdi baş tutmamışdı.

Xatırlayıram ki, İT autsorsinq xidmətləri təqdim edə biləcəklərini göstərmək üçün Özbəkistanın İKT-nin inkişafı naziri Şirzad Şermatov təcili ABŞ-a səfər edərək Kaliforniyada “Apple”, “Google”, “Meta”, “PayPal” və “Coursera” şirkətləri, fond rəhbərləri və rəsmilərlə görüş keçirmişdi.

Özbəkistan ciddi rəqəmsal transformasiya işlərinə 2017-ci ildən start verib.

Ötən müddət ərzində, yalnız son 3-4 ildə çox ciddi inkişaf edə bilib, İT sektorda, texnoparklarda Belarusdan və Ukraynadan da  münbit olan bir şərait formalaşdırılıb.

Daşkənddə yerləşən İT Parkda hazırda 650 İT şirkət qərarlaşıb ki onlar 2028-ci ilədək bütün vergilərdən və ödənişlərdən tam azaddırlar.

İT üçün gərəkli olan ingilis dili problemini həll etmək çün 30 000 min ingilis dili müəlliminin ABŞ –da təkmilləşməsini təşkil edib. İT məktəblərin və kursların sayını kəskin artırıb.

Bu ölkədə yüksək ixtisaslı 20 000 İT mütəxəssis var.  58 Universitetdə İT ixtisaslar var, 20 universitet isə tam İT istiqamətlidir.

Görünən odur ki, Özbəkistan Belarusun, Rusiyanın və Ukraynanın İT autsorsinq biznesinin xeyli hissəsini ələ keçirib və bu istiqamətdə ciddi səylər göstərir.

Hazırda İT üzrə ixracat 100 milyon dollardır. Yaxın müddət üçün bu rəqəmin 1 milyarda çatdırmağı  hədəf götürüblər. Təsəvvür edin ki, son 3 ildə İT ixracı, yəni sadəcə proqram təminatları yazmaq və İT xidmət göstərməklə bu rəqəmi 50 dəfə artıra biliblər. İT məhsullarının ixracının 80 faiz ABŞ-a yönəlib.

Maraqlı məqam ondan ibarətdir ki, Amerikan şirkəti olan, “Nasdaq”da qeydiyyatı olan tanınmış qlobal EPAM şirkətinin də Özbəkistanda ofisi var və burada təkcə bu ölkənin öz proqramçılarının sayı 1000 nəfərə çatır. Relokasiya edənlərlə birlikdə hazırda burada 3000 əməkdaş çalışır.

Təsəvvür edin ki, bu ölkədə üç min nəfər bir ABŞ şirkətində oturub kod yazaraq  xaricə məhsul (proqram təminatı) satır.

 





22.06.2022    çap et  çap et