Vaxt.Az

“Şəhərdə hər şey yanır”


 

Severodonetskə ağır döyüşlər davam edir

“Şəhərdə hər şey yanır” Ukrayna çərşənbə axşamı Severodonetsk bölgəsinə ağır zərbələrin endirildiyini bildirib. Rusiya qüvvələri şərqdə yerləşən bu şəhərin tam nəzarətini ələ keçirməyə çalışır.

Ukrayna Prezidenti Vladimir Zelenski gecə müraciətində bildirib ki, şərqi Luqansk bölgəsində hərbi vəziyyət hazırda “həmin ərazidəki ən ağır vəziyyətdir. İşğalçılar Donestk istiqamətində ciddi təzyiq tətbiq edir”.

O deyib ki, Rusiya Ukrayna qoşunlarını mühüm ərazilərdən çıxarmaq üçün səylərini artırıb.

Ukrayna Ordusunun Baş Qərargahının sözçüsü gündəlik brifinq zamanı deyib ki, Severodonetskdə şiddətli döyüşlər gedir, Rusiya Ukrayna mövqelərinə havadan zərbələr endirir və atəşə tutur.

Ukraynanın Luqansk bögləsinin qubernatoru Sergey Qayday “The Associated Press”ə bildirib ki, “Ora cəhənnəmdir. Hər şey yanır. Atışmalar bir saat belə dayanmır”.

“Bu gün yana bilən hər şey yanır”, – Qayday deyib. O, Severodonetskdə Ukrayna döyüşçüləri və təxminən 500 mülki vətəndaşın sığındığı Azot kimya zavodunda ağır döyüşlərin getdiyini bildirib.

AP-nin məlumatına görə, Rusiya qüvvələri Luhansk bölgəsinin təxminən 95 faizinə, Ukrayna qüvvələri isə yaınız Severodonetskdə Azot kimya zavoduna nəzarət edir.

Qayday deyib ki, Rusiya qüvvələri Severodonetskə qonşu şəhəri Lisiçanskda “fəlakətli dağıntılara” səbəb olublar.

Zelenski ölkənin şərq bölgəsini müdafiə etməkdə çətinliklərin olduğunu etiraf edib, amma Rusiya qüvvələrinin Ukraynanın müqaviməti ilə üzləşməkdə davam edəcəyini bildirib.

Ukraynanın Lvov şəhərində ABŞ-ın baş prokuroru Merrik Qarland çərşənbə axşamı Ukraynanın baş prokuroru İrina Venediktova ilə görüşərək müharibə cinayətlərinin cavabdehliyə yönəlmiş bir komandanın yaradıldığını açıqlayıb. Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat verib.

“ABŞ açıq-aşkar mesaj göndərir. Gizlənməyə yer yoxdur. Biz və bizim tərəfdaşlarımız bu vəhşiliklərə görə cavabdeh olanların məsuliyyətə cəlb olunmasını təmin etmək üçün mövcud hər bir yola əl ataçağıq”, – Qarland müxbirlərə bildirib.

Nazirlik bildirib ki, Müharibə Cinayətlərinə görə Cavabdehlik komandası Ukraynaya cinayət təqibi, dəlillərin toplanması və insan hüquqları pozuntuları, müharibə cinayətləri və digər vəhşiliklərin məhkəmə ekspertizasına yardım edəcək və komandanın baş məsləhətçisi bir zamanlar nasistlərin müharibə cinayətkarlarının tapmaq səylərinə başçılıq edən Ədliyyə Nazirliyi rəsmisi Eli Rosenbaumdur.

“Amerika və dünya Rusiyanın Ukraynaya ədalətsiz hərbi müdaxiləsi nəticəsində çoxlu dəhşətləri görüb, qəddarlıq və ölümlə bağlı ürəkağrıdan hekayələr oxuyub”, – Qarlanda bəyanatında bildirib.

Nazirliyin məlumatına görə, komanda, həmçinin Birləşmiş Ştatların yurisdiksiyasında olan potensial müharibə cinayətlərini, o cümlədən ABŞ jurnalistlərinin öldürülməsi və yaralanmasını da araşdıracaq.

Bundan əlavə Ukrayna cümə axşamı Avropa İttifaqına üzvlüyə rəsmi namizəd olacaq. Bu barədə çərşənbə axşamı nazirlər və diplomatlar məlumat veriblər.

Avropa Komissiyası ötən həftə bununla əlaqədar tövsiyə irəli sürüb. Aİ daxilində günlərlə davam edən müzakirələrdən sonra 27 üzv ölkədən heç biri plana qarşı çıxmayıb. Bu barədə üç diplomat “Reuters”ə məlumat verib.

 





22.06.2022    çap et  çap et