Parisdə yerləşən RSF mayın 24-fən iyunun 3-dək təhqiqat apardığını qeyd edir. Təşkilatın əldə etdiyi informasiya və dəlil Levin və Aleksey Çernişovun martın 13-də Kiyev yaxınlığındakı Moşçun kəndindəki meşədə rusiyalı əsgərlər tərəfindən qətlə yetirildiyini, bundan öncə “dindirildiyini, hətta işgəncəylə üzləşdiyini” göstərib.
Araşdırmanı RSF-in təhqiqat bölümünün başçısı Arno Froqer və Levinlə Ukraynada işləmiş fransalı fotomüxbir Patrik Şovel aparıb. Onların gəldiyi qənaətə görə, Levin və Çernişov Levinin Ukraynadakı müharibəni işıqlandırmaq üçün istifadə etdiyi dronu axtaran zaman rusiyalı əsgərlər onları ələ keçiriblər.
Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb.
RSF-in yığdığı dəlilə güllələr, şəxsiyyət sənədləri, DNT izləri olan əşyalar daxildir və bütün bunlar ərazidə, Levinin yandırılmış Ford Maverick avtomobilində, digər əşyalarda Rusiya əsgərlərinin izlərini göstərib. Bu isə Levin və mühafizəçisinin edam olunması qənaətinə əsas verir.
***
“Cinayət yerindən fotoların təhlili, yerində müşahidələr, maddi dəlil aşkar edamın, bundan əvvəl isə dindirmə, hətta işgəncə hərəkətlərini baş verdiyini göstərir”, – RSF-in Baş katibi Kristof Deluar bəyanatında bildirib.
“Dərin propaqanda və Kremlin senzurası ilə müşahidə olunan müharibə kontekstində Maks Levin və dostu etibarlı informasiya üçün mübarizədə canlarından keçiblər. Həqiqəti onlara borcluyuq. Onları qətlə yetirənləri də müəyyənləşdirib tapacağıq”, – Deluar vurğulayıb.
40 yaşlı Levin Ukraynada müharibə başlayandan peşə fəaliyyətini yerinə yetirərkən öldürülən səkkiz jurnalistdən biridir. Onun meyiti aprelin 2-də meşədə tapılıb.
Dörd uşaq atası olan Levin çoxsaylı Ukrayna və beynəlxalq media orqanları, o cümlədən “Reuters”, BBC, “Associated Press” ilə əməkdaşlıq edib.