İRNA agentliyi Lavrovun bu gün (iyunun 23-də) iranlı həmkarı Hüseyn Amir-Abdullahyanla görüşəcəyini xəbər verir. “İran rəsmiləri ilə danışıqlarda nüvə sazişi, eləcə də ikitərəfli və enerji əməkdaşlığının gücləndirilməsi müzakirə olunacaq”, – İranın dövlət mediası belə yazır.
İranın Xarici İşlər Nazirliyi həftənin əvvəlində bildirmişdi ki, Lavrovun səfərində məqsəd “Avrasiya regionu və Qafqazda əməkdaşlığı genişləndirməkdir”.
Lavrovun iyunun 23-24-də Bakıya səfər edəcəyi gözlənir.
***
Moskva ötən ay deyirdi ki, Rusiya ilə İran neft və qaz təchizatı mübadiləsini, eləcə də logistika habı yaratmağı müzakirə ediblər. Hər iki ölkə hazırda Qərbin sanksiyaları altındadır.
Rusiya fevralın sonunda Ukraynaya hücum edəndən sonra sanksiyalarla üzləşib. İrana sanksiyalar isə 2018-ci ildə Vaşinqton nüvə sazişindən birtərəfli qaydada çıxandan sonra bərpa olunub.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova demişdi ki, Rusiya və İran diplomatları bir sıra təcili beynəlxalq məsələləri, o cümlədən nüvə sazişinin bərpasını, Ukrayna, Suriya, Əfqanıstan və Yəməndəki vəziyyəti müzakirə edəcəklər.
Nüvə sazişi üzrə İranla ABŞ arasında vasitəçiliklə aparılan danışıqlar martdan dayanıb. Ən mübahisəli məqam Tehranın Vaşinqtondan İslam İnqilab Keşikçiləri Korpusunu terrorçu təşkilatçılar siyahısından çıxarmasını tələb etməsidir.