Məlumatlarda yaxın günlərdə barəsində irəli sürülən təhdidlərə görə vəzifəsi dondurulmuş kəşfiyyat rəhbərinin yaralandığı və Tehran xəstəxanalarından birinə yerləşdirildiyi bildirilir.
Qeyd edək ki, Hüseyn Taib xarici ölkələrdə İrana müxalif qüvvələrin oğurlanması, öldürülməsi və israillilərə qarşı terror əməliyyatlarının keçirilməsi ilə ad çıxarıb.
O, bundan öncə İsrail vətəndaşları və obyektlərinə qarşı qısas əməliyyatlarının keçiriləcəyi barədə çıxışlar edib, İsrailin yer üzündən silinəcəyi barədə İran rəsmilərinin arzularını təkrarlayıb.
Bir neçə gün öncə İsrail rəsmiləri Türkiyədə israillilərə qarşı terror hücumları SEPAH-ın Kəşfiyyat İdarəsinin rəisi Hüseyn Taib tərəfindən planlaşdırıldığı barədə açıqlamalar veriblər.
Məlumatda qeyd edilir ki, son dövrlər İranda çoxlu sayda nüvə alimləri və İnqilab Keşikçiləri Korpusunun zabitlərinin İsrail tərəfindən aradan götürülməsindən sonra Hüseyn Taib kəskin tənqid olunur və səhlənkarlıqda günahlandırılır. SEPAH komandiri bir sıra İran rəsmiləri tərəfindən də tənqid olunur.
Bununla yanaşı İsrail kəşfiyyatı yaydığı bəyanatda Hüseyn Taibi nəzarətdə saxladıqlarını və onun fəaliyyətlərini izlədiklərini açıqlayıb.