Bakı-Moskva əlaqələrində zamanla ziddiyyətlər və mübahisəli məqamlar yaransa da, bu, iki dövlətin bir-birinə yaxınlaşmasının qarşısında sərt maneəyə çevrilməyib.
Hərçənd ki, Rusiyanın postsovet məkanında ambisiyalarını artırmaq cəhdlərinin bir ucu da Azərbaycana toxunur.
Rusiyanın Azərbaycanda təsir dairəsini daralsa da, Bakı təhlükəsizlik məsələlərində səbrli davranır və mövcud boşluqları doldurmaq üçün Türkiyə ilə birlikdə siyasi-diplomatik səylərini hərbi-siyasi aktivliklə uzlaşdırır.
Azərbaycan-Türkiyə strateji müttəfiqliyi, qarşısına Rusiyanı almaq kimi bir amala söykənmir, ancaq bu birlik Kremldən əsdirilən küləklərin qarşısında həlledici baryer rolunu oynayır.
Cənubi Qafqazdakı yeni reallıqlar zəminində üç ölkə vahid ox ətrafında da birləşə bilir və bəzi addımlar Bakı-Ankara-Moskva üçlüyü formatındakı birgə maraqlar çərçivəsində atılır.
Rusiya üçtərəfli və çoxtərəfli formada əlaqələrin dinamikasından məmnundur, amma o, proseslərdə ambisiyalı siyasətini ortaya qoyaraq hegemonluq prinsipləri ilə üstünlük qazanmaq meylindən kənarlaşmır və mübahisəli məqamlar da burada yaranır.
Həmin “söz-söhbətdə” hansı dövlət harada dayanır?
1. Azərbaycan imzalanan üçtərəfli bəyanatlarda (Azərbaycan, Rusiya və Ermənistan) Moskvanın üzərinə düşən öhdəlikləri yerinə yetirməsini tələb edir;
2. Rusiyanın hazırkı duruşunda Azərbaycanın maraqlarına pozitiv cavab verən elementlərin çoxluğu müşahidə edilsə də, Kreml ara-sıra ikibaşlı mövqe nümayiş etdirir, Ukraynadakı müharibə fonunda isə həmin ritorika qızışır;
3. Cənubi Qafqazda Türkiyə ilə Rusiya səylərini eyni yolda idarə edirlər, bu isə Azərbaycanın strateji təhlükəsizlik sferası ilə üst-üstə düşür.
Rusiya-Ukrayna müharibəsinin gedişatında həmin mübahisəli məqamların çat yaradıb genişlənməsi ehtimalı olduğundan, Azərbaycanla Türkiyə kollektiv maraqlarını Moskva ilə konfrontasiyaya getməmək müstəvisində birləşdirir.
Sergey Lavrovun Bakıya səfəri açıq qalan məsələlərin həlli və müştərək maraq yaradan sahələrin inkişaf etdirilməsi baxımından qiymətləndirilə bilər. Moskvada narazılıq yaradan digər məqam Qərbin təşəbbüsü ilə Azərbaycan-Ermənistan danışıqlarının reallaşmasıdır. Rusiya Prezidenti Vladimir Putin ötən ilin noyabr ayındakı Soçi danışıqlarından sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşünü təşkil etməyib və ya edə bilməyib, bunu isə Qərb dəyərləndirərək liderləri Brüsseldə bir araya gətirib.
ABŞ və Britaniya ikilisinin Azərbaycan-Ermənistan sülh gündəliyi fonunda Cənubi Qafqazda mövqelərini gücləndirmək niyyətləri görünür, etiraf etmək lazımdır ki, onların bu regiondakı iqtisadi fəallığı heç də Rusiyanın strateji maraqları ilə ziddiyyət təşkil etmir.
Niyə? Çünki regionda iqtisadi aktivlik Rusiyanın əlinə işləyir, amma siyasi mövzularda iplər qırılır və Moskva Bakının Qərblə münasibətlərinin hərbi-siyasi müstəvidə ağır çəki qazanmasını arzulamır.
Ona görə də şübhə yeri qalmır ki, Lavrov Qərb ölkələrinin diplomatlarının Bakıya intensiv səfərlərində onların hansı məsələləri müzakirə masasına qoyduğunu öyrənmək üçün gəlir.
Bu yazdıqlarımız beynəlxalq aktorların rəqabəti fonundadır, indi isə yenidən üçtərəfli bəyanatlara qayıdaq.
Azərbaycan 10 noyabr bəyanatının icra edilməsində inadkar qətiyyət nümayiş etdirir və keçən zamanı özünün lehinə çevirmək qabiliyyətini praktiki olaraq ortaya qoyur.
Bakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki təhlükəsizlik məsələsi, həmin zonanın ictimai-siyasi mühitinin dəyərləndirilməsini aparır və bununla bağlı Türkiyə və Rusiya ilə məlumat mübadiləsi həyata keçirir.
Artıq Rusiya sülhməramlılarının Laçın şəhərinin mərkəzindən çıxarılaraq Laçın yoluna alternativ çəkilən yola yerləşdirilməsi prosesi başlayır və Bakı ilə Moskva bundan sonrakı təhlükəsizlik məsələlərinin sxemini müzakirə edir.
Qarabağdakı erməni əhalinin təhlükəsizliyinə Azərbaycan dövləti təminat verir, Lavrov həmin təminatların motivlərini öyrənmək və Moskvanın prosesdə oynaya biləcəyi rolu bildirmək üçün yolunu Bakıya salır.
Moskvanın bu istiqamətdəki rolunu Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin maddələrinə istinadla xatırlatmaq lazımdır.
Onları qısa şəkildə belə deyə bilərik: Rusiya separatçıları qızışdıran hərəkətlərdən çəkinməli və Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini şübhə altına qoya biləcək ikibaşlı manevrlərə yol verməməlidir.
Lavrov Azərbaycan-Ermənistan sərhədinin delimitasiya prosesində əldə edilən nəticələr barədə də məlumatlar alacaq və Moskvanın bundan sonrakı addımları həmin nəticələrlə uyğunlaşdırılacaq.
Lavrovun qovluğundakılar ikitərəfli münasibətlərin xarakterini müttəfiqlik bəyannaməsi ilə möhkəmləndirən tezislərə əsaslanır.
Bir məqama da diqqət yetirməliyik ki, bu da İranla əlaqəlidir. Lavrov Bakıya gəlməmişdən öncə Tehranda olub və İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.
Rusiya xarici siyasət idarəsinin rəhbəri Rəisi ilə Xəzər dənizindəki təhlükəsizliyi də müzakirə edib və İslam Respublikasının prezidenti Xəzərdə xarici hərbi iştirakın yolverilməzliyinə diqqət çəkib.
İran bununla Rusiyanı inandırmağa çalışır ki, Azərbaycan və Türkiyə xüsusi təyinatlı qüvvələrinin Xəzər dənizində təlimlər keçirilməsi guya təhlükəlidir, lakin Moskva bundan o qədər də narahat deyil.
Lavrovun Tehrana səfər etməsi, ardınca yolunu Bakıya salması Rusiya-İran-Azərbaycan üçtərəfli əməkdaşlığının iqtisadi fayda gətirən maliyyə tərəflərinə baxış bucağıdır.
PROQNOZLAR:
Lavrovun səfəri Azərbaycan-Ermənistan sülh gündəliyində Bakının şərtlərini aktuallaşdıracaq.
Rusiya-Ukrayna müharibəsi fonunda Moskva Bakı və Ankara ilə yeni əməkdaşlıq mexanizmi qurmağa çalışacaq. Bunun üçün maliyyə təminatları mənbələrini arayacaq.
Rusiya Azərbaycanın enerji bazarlarında artan roluna görə Bakıya olan qısqanc münasibətini davam etdirsə də, bu, münasibətlərə xələl gətirməyəcək.