O bildirib ki, Azərbaycan Prezidentinin Özbəkistan səfəri Türk Blokunun yaradılması istiqamətində ilkin addımlardan biri hesab edilə bilər: “Özbəkistanın kifayət qədər ciddi hərbi texniki potensialı mövcuddur. Azərbaycanın da müdafiə sənayesi məhsulları Özbəkistan üçün kifayət qədər maraqlıdır. Ortada bir Türkiyə faktorunun olduğunu da nəzərə alsaq, o zaman Orta Asiya, Qafqaz və Türkiyə arasında maraqlı bir üçbucaq yaranır ki, bu da yaxın gələcəkdə Özbəkistanın Türk dövlətləri ilə əməkdaşlığının genişlənməsi bəlkə də Türk Dövlətləri Təşkilatı çərçivəsində hansısa bir hərbi blokun yaranmasını da istisna etməməliyik. Amma bu, gələcəyin işidir.
Hazırda regionda, Orta Asiyada, Avropada, Yaxın Şərqdə baş verən proseslər fonunda biz nəzərə almalıyıq ki, hər bir ölkə təhlükəsizlik baxımından özünü daha zəmanətli bir ittifaqda, birlikdə görməkdə maraqlıdır. Bu baxımdan da Özbəkistanın Azərbaycan və Azərbaycan üzərindən Türkiyə ilə daha sıx əlaqələr qurmaqda maraqlı olması heç də təəccüblü deyil.
Dili bir, dini bir, kökləri bir, mədəniyyəti bir olan xalqların, tərcüməçiyə ehtiyac duymadan bir-birini anlayan xalqların iqtisadi, siyasi, hərbi sahədə daha geniş miqyasda və dərindən əməkdaşlıq etməsi çox təbiidir. Bu (Azərbaycanla Özbəkistan arasında son təmaslar – red.) , gələcəkdə TURAN birliyinin, Türk birliyinin, Türk İttifaqının, Türk Blokunun ilkin toxumları kimi də dəyərləndirilə bilər”. (Milli.Az)