Buna baxmayaraq, Putin Sankt-Peterburqda keçirilən iqtisadi forumda Pekinin siyasətindən danışarkən ehtiyalı cümlələr işlədib: “Rusiya hesab etmir ki, Çin hər bir məsələdə bizimlə həmrəy olmalıdır. Çinlə əməkdaşlıq həm maraqlı, həm də faydalıdır. Aramızda dostluq əlaqələri var. Buna baxmayaraq, böyük dövlət olan Çinin fərqli maraqları ola bilər və Pekin bu maraqlar əsasında siyasət yürüdür. Çin lideri Si Tsinpinlə dostluq münasibətlərimiz mövcuddur”.
Putin bununla demək istəyib ki, Kreml Çinin bəzən fərqli addımlarından narahat deyil. Pekin Kremllə sıx əməkdaşlığına davam etsə də, Çinin böyük şirkətləri Qərb sanksiyalarına görə Rusiya ilə əməkdaşlıqda ehtiyatlıdır. Görünür, Putin bunu nəzərdə tutub. Ancaq Rusiya prezidenti çıxışında həm də onu deyib ki, iki dövlət arasında ticarət mübadiləsi ildən ilə artır və bunu Kreml müsbət qiymətləndirir. Putin Çini tərifləməyi də unutmayıb: “Çoxqütblü dünyaya doğru gedirik və bu dünyada Çin iqtisadi liderdir”. Bununla Putin Çinin iqtisadi baxımdan Rusiyadan da güclü dövlət olduğunu etiraf edib.
Putin “balans pozulmasın” deyən çıxışında Hindistanı da xatırladıb: “Hindistanda 1 milyard 300 milyon insan yaşayır. Bu böyük potensialdır. Hindistanın baş naziri Narendra Modi proqressiv siyasətçidir”. Putinin Hindistanı tərifləməsinə baxmayaraq, Dehli ABŞ-ın formalaşdırdığı dördlü – ABŞ, Avtstraliya və Yaponiya blokunda yer alıb.