Ticari dövriyyənin strukturunda isə ixracımız bütün illərdə idxalı üstələmişdir. Bunun da əsas səbəbi bu ölkəyə bahalı neft və neft məhsulları ixrac etməyimizdir. Müxtəlif illər üzrə idxal 20-37% idxal, ixrac 63-80 faiz nisbi bölgüsündə olmuşdur. İxracımızın 83 faizini neft və neft məhsulları, bitium tərkibli maddələr, mineral mummar, yerdə qalan hissəsini isə üzvi-kimyəvi maddələr, gübrələr və s. təşkil edir. İdxalımızı isə əczaçılıq məhsulları, müxtəlif maddələr, qara metallardan məmulatlar, paltarlar, ərzaq məhsulları, yerüstü nəqliyyat və s. təşkil edir. Eyni zamanda yanacaq idxal etdiyimiz ölkələr arasında Rumıniya da vardır. Premium benzinin bir hissəsi məhz bu ölkədən idxal edilir.
Yatırılan investisiyalara gəldikdə isə bu günə qədər Azərbaycan şirkətləri Rumıniya iqtisadiyyatına 125 milyon dollar, bu ölkənin şirkətləri isə Azərbaycan iqtisadiyyatına 30 milyon ABŞ dolları investisiya yatırıb.
Rumıniyaya investisiya yatıran şirkətlər arasında SOCAR lider mövqeyə malikdir. Belə ki, SOCAR Rumıniya iqtisadiyyatına 69 milyon dollar investisiya yatırıb. SOCAR-ın bu ölkədə 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq saxlama deposu da daxilolmaqla ümumilikdə Rumıniyada 700-dən çox işçisi var.
Rumıniya şirkətləri isə Azərbaycanda əsasən tikinti, inşaat, nəqliyyat sahələrində fəaliyyət göstərirlər.
Əksər ölkələrlə olduğu kimi Rumıniya ilə də iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial çox genişdir. Bir çox sahələrdə genişlənmələr mümkündür. Amma hazırda Azərbaycan tərəfinin ehtiyac duyduğu əsas istiqamət kənd təsərrüfatının inkişafı, burada məhsuldarlığın artırılmasına nail olmaqdır ki, bu işdə Rumıniya ilə əlaqələr ciddi töhfə verə bilər. Rumıniya kifayət qədər həcmə malik taxıl istehsalçısıdır. Orada bu sahə hərtərəfli inkişaf edib. Bu təcrübənin Azərbaycanın əksər yerlərində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə istifadə edilməsi yaxşı olardı. Çünki bu ölkə məhz kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi ilə ciddi məhsuldarlıq göstəricilərinə malikdir.