Vaxt.Az

Təşəbbüsçü yox, zorən dəstəkçi


 

Ermənistan blokadadan çıxsa, Naxçıvanın blokadası saxlana bilərmi?

Təşəbbüsçü yox, zorən dəstəkçi Tez-tez eşidirik ki, Zəngilanla Naxçıvanı birləşdirəcək dəmiryol və avtomobil yolunun (karayol) olmasında Rusiya maraqlıdır. Hətta bununla bağlı bəndin də 10 noyabr Üç Tərəfli Bəyanata salınmasının müəllifinin Rusiya olduğunu deyənlər də var idi. Həm yerli, həm də hətta xarici siyasi şərhçilər deyirdi bunu.

İzah da verirdilər ki, guya Rusiya bununla Türkiyə, Suriyaya, başqa Yaxın Şərq ölkələrinə, eləcə də Ermənistana quru yolla çıxmağı hədəfləyir-filan.

Rusiyanın belə istəkləri ola biləcəyi mübahisə doğurmur.

Amma Rusiyanın bunda maraqlı edən amillərdən az olmayan riskləri də var. 

Bəs nədən Rusiya sanki maraqlı kimi görünür? Niyə etiraz etmir?

Bu tələbin bəyannaməyə salınmasının Rusiyanın işi olması, Rusiyanın bu yolun açılmasında maraqlı olması kimi hökmlərin  arxasında gerçəkliyin əksi yox, Rusiyanın Qarabağ savaşı və onun sonuclarının biçimlənməsindəki rolunun və gücünün hədsiz şişirdilməsi durur. 

Nəzərə almırlar ki, 44 günlük savaşın sonundakı Üç Tərəfli Bəyanat təkcə Azərbaycanla Ermənistan arasında kompromis deyil, bu həm də Azərbaycanla Rusiya arasında kompromisdir.

Yuxarıda dediyim kimi, Rusiyanın maraqlı ola biləcəyi bir neçə məqam var. Amma bunlar çox azdır Rusiyanın bu yolun carçısı kimi çıxış etməsi və onu dəstəkləməsi üçün. 

Rusiya təşəbbüsçü və sponsor yox, zorən dəstəkçidir. Qarşısını almaq imkanında deyil. Nə deyib əngəl olsun ki? 

Ermənistanla sülhdən danışırıqsa, kommunikasiyalar açılmalıdır. Ermənistan özü blokadadan çıxmalıdır. Belə olduğunda Naxçıvanın blokadası saxlana bilərmi? Yox təbii. Yəni yol açılmalıdır. 

Rusiyanın edə biləcəyi iki şey var. Bundan faydalanmaq və elə etmək ki, mümkün qədər yolu öz nəzarətində saxlasın.

Bəyannaməyə yolun güvənliyinə Federal Təhlükəsizlik Xidməti (FTX) sərhəd xidməti nəzarət edəcək ifadəsi salınması buna xidmət edir. Amma bu yetərli deyil. Kənarda durub qorumaq ki, yola kimsə yaxınlaşmasın, bu Rusiyaya sərf etmir. 

Bu tərəfdən də Azərbaycan tələb edir ki, yol dəhliz kimi olmalıdır. Gömrük və sərhəd nəzarəti olmadan keçməlidir yüklər və şəxslər. Yəni, kənarda dur, bax.

Rusiya İrəvandakı hökumətin və öz əlaltısı olan müxalifətinin yardımı ilə məhz buna çalışır ki, Zəngəzur dəhliz olmasın, həm sərhəd, həm gömrük nəzarəti olsun və bu nəzarəti ya özü, ya da ermənilərlə birgə həyata keçirsin. 

Rusiyanın dəstək verdiyi və sponsorluq etdiyi məhz budur.

Nəzərə alın ki, Rusiya Ukraynaya soxulduqdan sonra Zəngəzur dəhlizi həm də Rusiyadan yan keçən Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm alternativlərindən birinin parçasıdır.

 





25.06.2022    çap et  çap et