Vaxt.Az

Avropa Parlamentindən Ukrayna qətnaməsi


 

«Krımda yalnız daxili məsələlərlə bağlı referendum keçirilə bilər»

Avropa Parlamentindən Ukrayna qətnaməsi Martın 13-də Avropa Parlamenti plenar sessiyada Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə dair qətnamə qəbul edib.

Qətnamədə avroparlamentarilər hərbi müdaxiləni beynəlxalq hüququn pozulması və işğal kimi qiymətləndirərək Rusiyadan ordusunu Ukrayna ərazisindən çıxarmağı tələb ediblər. Bundan əlavə, deputatlar qətnamə vasitəsilə Krımın statusu ilə bağlı keçiriləcək referendumun Ukrayna konstitusiyasına zidd və qeyri-legitim olduğunu bildiriblər.

Avroparlamentarilər Rusiyanın hərbi hissələrinin Ukrayna ərazisində yerləşməsini qeyri-qanuni, BMT nizamnaməsi, ATƏT-in Helsinki aktı və 1994-cü ilin Budapeşt Memorandumu kimi beynəlxalq müqavilələrin şərtlərini pozduğunu deyiblər və bunun Aİ təhlükəsizliyi üçün təhdid kimi qiymətləndiriblər.

Qətnamədə həmçinin Krımın Rusiyaya qoşulması istiqamətində martın 16-da keçiriləcək referendumun qeyri-legitim və qanunsuz olduğu deyilir. «Ukrayna konstitusiyasına uyğun olaraq, Krım Muxtar Respublikası yalnız daxili məsələlərlə bağlı referendumlar keçirə bilər, Ukraynanın ərazi bütövlüyünə toxunan məsələlərlə bağlı deyil», - qətnamədə deyilir.

Bundan başqa, avroparlamentarilər Krımda rusdilli əhalinin «heç bir diskriminasiyaya məruz qalmadığına görə», Rusiyanın onları qorumaq iddialarının tamamilə əsassız olduğunu bəyan ediblər və «rus propaqandasının Yanukoviçə qarşı etiraz edənləri «faşist» kimi qələmə verməsini» hiddətlə qınayıblar.

Buna baxmayaraq, qətnamə Ukrayna hökumətini rusdillilər də daxil olmaqla, ölkədəki azlıqların hüquqlarını qorumağa və bütün milli azlıqların hüquqlarını nəzərə alan yeni dil siyasəti irəli sürməyə çağırır. Bu baxımdan, Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinovun Ukraynada qeyri-rəsmi dillərin istifadəsini məhdudlaşdıran qanun layihəsinə veto qoyması müsbət qarşılanıb.

Parlament Aİ üzv ölkələrini Rusiya ilə danışıqlara səsləyərək, Ukraynanın vahid və azad şəkildə öz gələcəyinə dair qərar vermək hüququnu müdafiə etməyə çağırıb, Avropa İttifaqı Nazirlər Şurasının martın 6-da Rusiya ilə danışıqları dondurmaq, bir sıra sahələrdə, xüsusən enerji sahəsində Rusiya ilə əlaqələri azaltmaq və Ukraynaya maddi yardım göndərmək qərarlarını alqışlayıb.

 





14.03.2014    çap et  çap et