Vaxt.Az

Rusiya meşələri yanır


 

Federal Meşə Təsərrüfatı Agentliyi fəlakətin qarşısını almağa lüzum görmür

Rusiya meşələri yanır Hazırda Rusiyada 100 min hektardan çox meşə sahəsi yanır. Hakimiyyət onların üçdə birindən çoxunu söndürməmək qərarına gəlib. Rusiya Federal Meşə Təsərrüfatı Agentliyi FBU “Avialesooxrana”nın hesabatında belə deyilir.

Məlumatda bildirilir ki, yerli hakimiyyət orqanları iyulun 24-də Çukotkada 58 min hektardan çox ərazini əhatə edən yanğının 38 faizini söndürməkdən imtina ediblər. Hazırda Yakutiyada 30 min hektar meşə sahəsini əhatə edən yanğının 20 faizi söndürülməyəcək. Maqadan və Krasnoyarskda yanğın kiçik sahəni əhatə etsə də yanğının az bir hissəsinin söndürülməsinə qərar verilib. O da vurğulanır ki, Rusiyada yanan meşələrin cəmi 1- 9 faizi söndürülür.

Məlumatda qeyd edilir ki, Rusiyadakı meşə yanğınlarını söndürməkdən imtina edərkən, regional hakimiyyət orqanları Rusiya Təbii Sərvətlər Nazirliyinin 2015-ci il əmrini rəhbər tuturlar.

Həmin sənədə əsasən, əgər yaşayış məntəqələrinə təhlükə olmazsa və yanğının söndürülməsinə çəkilən xərc proqnozlaşdırılan zərərdən çox olarsa meşə yanğınlarını söndürməmək olar.

Statistik məlumatlarda bildirilir ki, 2021-ci ildə Rusiyada 10 milyon hektardan çox meşə yanıb ki, bu da müqayisədə Moskvadan 40 dəfə böyük ərazi deməkdir.

2019-cu ilin iyulunda yanğınlar barədə danışan Krasnoyarsk diyarının qubernatoru Aleksandr Uss meşə yanğınlarını təbiət hadisəsi adlandıraraq onunla mübarizə aparmağın mənasız olduğunu deyib.

Həmin vaxt Krasnoyarsk diyarında 1,6 milyon hektardan çox meşə sahəsi yanıb. 2019-cu ilin avqustunda Sibirdə yanğınlar 3 milyon hektarı əhatə edəndə yüksək xərclərə görə mübarizəni səmərəsiz sayan rəsmi qurumlar meşə yanğınlarını söndürmək qərarına gəliblər.

 





25.06.2022    çap et  çap et