Vaxt.Az

Yeni koronavirus dalğası


 

Nə qədər narahat olmalıyıq?

Yeni koronavirus dalğası Ötən ilin sonunda yayılmağa başlayan koronavirusun “Omicron” variantı Azərbaycan da daxil, bir çox ölkədə dominant ştamma çevrilsə də, bir qədər keçmiş yoluxmalar azalmağa başlayıb.

Lakin belə görünür ki, virusun son mutasiyası bu vəziyyəti yenidən dəyişə bilər. Buna “Omicron”un “BA.4” və “BA.5” altnövlərinin yayılması barədə xəbərlər dəlalət edir. Bu bizi nə qədər narahat etməlidir?

Koronavirusun yeni dalğası ilə bağlı bu və digər suallara cavab tapmağa çalışdıq.


“Omicron”un “BA.4” və “BA.5” altnövləri nədir?


İlk ortaya çıxdığı gündən bəri koronavirus dəyişir və onun yeni genetik variantları əmələ gəlir.

Vaxtilə “Alfa”, “Delta” və “Beta” variantları ortaya çıxıb.

Hazırda isə diqqəti özünə çəkən, “Omicron” variantı ilə bağlı olan virusun “BA.4” və “BA.5” altnövləridir. İlkin məlumatlara görə, onlar əvvəlki “BA.2”dən daha yoluxucudur.

Üstəlik, yeni altnövlərinin immun sistemi tərəfindən tanınmasının daha çətin olduğu qeyd edilir.


Özümüzü necə qorumalı?


Səhiyyə mütəxəssislərinə əsasən,  mövcud vaksinlər mükəmməl olmasa da, hələ də ən yaxşı qorunma üsuludur.

Çünki peyvəndlər ağırlaşma riskini azaldır.

Həkimlərə görə, maksimum qorunma əldə etmək üçün tövsiyə olunan sayda peyvənd dozalarını almaq vacibdir.

Yenə də əl yumaq kimi sadə gigiyena tələbləri də qüvvədə qalır.


“BA.4” və “BA.5” altnövləri nə qədər təhlükəlidir?


Avropa səhiyyə qurumuna əsasən, “BA.4” və “BA.5”in əvvəlki “BA.1” və “BA.2” ilə müqayisədə daha şiddətli olduğuna dair heç bir sübut yoxdur.

Bu arada, son araşdırmalardan birinə əsasən, “Omicron”un yeni altnövləri “Alfa” və “Delta” variantlarında olduğu kimi, ağciyər hüceyrələrini hədəfləməyə üstünlük verir.

Bunu Tokio Universitetinin tədqiqatçısı Key Satonun həmkarları ilə birlikdə keçirdiyi araşdırmanın ilkin nəticələri göstərir. Bu isə virusun, potensial cəhətdən, daha təhlükəli olduğuna işarə ola bilər.

Hərçənd ki, son müşahidələr hadisələrin sayında artımı göstərsə də, ağırlaşma və ölüm halları ilə bağlı vəziyyətin dəyişməz qaldığına dəlalət edir.


Infeksiyanı yeni keçirənlər yenidən xəstələnə bilərlərmi?


“Omicron” yeni altnövləri olan “BA.4” və “BA.5” daha əvvəlki “BA.2” ilə müqayisədə daha yüksək ötürücülük nümayiş etdirir.

Bu barədə iyunun 17-də “Nature” elmi jurnalında dərc olunan araşdırmanın nəticələri göstərilir. “Science” dərgisində dərc edilən daha bir araşdırma bu tapıntıları təsdiqləyir.

Məqaləyə görə, “Omicron” güclü immun reaksiyası yaratmır. Bu da o deməkdir ki, infeksiyadan sağalmış insanlar tez bir zamanda yenidən yoluxa bilərlər.


Harada aşkar olunub və daha çox harada yayılır?


“BA.4” və “BA.5” altnövləri ilk dəfə Cənubi Afrikada müəyyən edilib. Daha sonra yoluxma halları Avropada aşkarlanıb.

Ayın əvvəlində yoluxmalar Rusiyada da qeydə alınıb. İngiltərə və Şimali İrlandiyada yoluxmaların bir həftə ərzində 43 faiz artdığı məlum olub.

Bu artımı iyunun 17-də Britaniya Milli Statistika İdarəsinin açıqladığı rəqəmlər təsdiqləyir.  

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinə proqnozuna əsasən, koronavirus infeksiyasının yayılması “BA.4” və “BA.5” altnövlərinin Avropa İttifaqı boyunca dominant növ olacağını göstərir.

Bu, həmçinin yaxın həftələrdə COVİD-19 hadisələrinin artması ilə nəticələnə bilər. (BBC)

 





25.06.2022    çap et  çap et