Vaxt.Az

Güneyli jurnalist həbsdən çıxdı


 

Mənuçöhr Ağayinin məhkumluq müddəti bitdiyi üçün sərbəst buraxıldı

Güneyli jurnalist həbsdən çıxdı Qərbi Azərbaycanın Qoşaçay şəhərindən olan mədəni fəal və “Miyandab press” xəbər portalının məsulu Mənuçöhr Ağayi məhkumluq dövrü bitdiyi üçün Qoşaçay (Miyandab) zindanından azadlığa buraxılıb. Mənuçöhr Ağayi özünün “Twitter” hesabında etdiyi paylaşımda 8 ay həbs cəzasının bitdiyini və sərbəst buraxıldığını yazıb.

“8 ay bitdi. Mənim barəmdə qərar verən şəxs bir neçə günlük şəhərimizdə qonaq olduğu, yerlilərimizin qonaqpərvərliyini gördüyü üçün özündən razı qalmışdı. Ancaq mənim inandığım tanrı xalqın haqqının tapdalanmasına razı olmaz. Mən çoxdan sınıq qələmlə yazıram”, – deyə, Ağayi onun barəsində həbs hökmü verən hakimin şəhərdən qovulduğuna işarə edib.

Güneyli sosial media fəalı Mənuçöhr Ağayi oktyabrın 27-i 2021-ci ildə Məhkəmə Qərarlarının İcrası İdarəsinə müraciət etdikdən sonra saxlanılıb və Qoşaçay zindanına köçürülmüşdü.

M.Ağayi mədəniyyət və media üzrə məhkəmə iclası keçirilmədən rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə 8 aylıq həbs cəzasına məhkum edilib.

O, mədəni və mətbuat sahəsində fəaliyyət göstərib və bölgənin İran parlamentindəki nümayəndəsi Mehdi İsazadənin təklifi ilə Qoşaçay mahalının iki ayrı mahala bölünməsinin müxaliflərindən olub.

Mənuçöhr Ağayi bundan öncə “Twitter” hesabında etdiyi paylaşıma görə Qoşaçayın dövlət idarələrinin birinin başçısı tərəfindən çağrılaraq döyülmüşdü.

Media nümayəndəsi bundan öncə özünün sosial media hesabında etdiyi paylaşımda barəsində çıxarılan həbs qərarının səbəbini açıqlayıb.

Bildirib ki, bu qərarın çıxarılmasının səbəbi idarə etdiyi xəbər portalının şərh bölümündə oxucuların yazdığı fikirlər, özünün sosial mediada etdiyi paylaşımlar olub.

““Teleqram” və “İnstaqram” səhifələrimdə etdiyim paylaşımlar, oxucuların yazdığı şərhlər rejimə qarşı təbliğat nümunəsi kimi dəyərləndirilib”, – deyə, Ağayi həbs olunmamışdan öncə öz səhifəsində yazmışdı.

 





26.06.2022    çap et  çap et