Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin 1918-ci il 26 iyun tarixli fərmanı ilə Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıb. Həmin il avqustun 1-də AXC-nin hərbi nazirliyi təsis edilib. General Səməd bəy Mehmandarov 1918-ci il dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını bolşevik işğalından azad edib.
1920-ci ilin aprelində Rusiyanın Azərbaycanı işğalından sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Azərbaycan Ordusunun çoxsaylı generalları və zabitləri bolşevik hökuməti tərəfindən güllələnib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1991-ci ildə Azərbaycan Silahlı Qüvvələri yenidən təşkil edilib. Nəhayət Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük müharibə nəticəsində beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edib.
Bu il Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan Prezidentinin imzaladığı sərəncamlarla 114 hərbçi müxtəlif orden və medallarla təltif edilib, 8 hərbi qulluqçuya ali hərbi rütbələr verilib. Belə ki, 2 nəfərə general-leytenant, 5 nəfərə general-mayor, 1 nəfərə isə tibb xidməti general-mayoru ali hərbi rütbələri verilib.