«Qafqazinfo»nun məlumatına görə, artıq Respublika Prokurorluğu və Vergilər Nazirliyi Bakı Metropolitenində genişmiqyaslı yoxlamalara başlayıb. Yoxlama korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilir. Yoxlamalara səbəb T.Əhmədovun rəhbərliyi dövründə külli-miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılmasıdır.
Məlumatda bildirilir ki, ötən ilin sonlarında dövlət orqanlarına Bakı Metropolitenində külli miqdarda vəsaitin mənimsənildiyi barədə məlumat daxil olub. Aparılan ilkin araşdırma məlumatın əsaslı olduğunu üzə çıxarıb. Məsələ barədə prezident İlham Əliyevə məruzə olunduqdan sonra T.Əhmədovun vəzifədən azad edilməsi və onun rəhbərlik etdiyi qurumda yoxlamalar başlanması barədə qərar qəbul olunub.
Yoxlama nəticəsində müəyyən edilib ki, metropolitendən və geniş ticarət şəbəkəsindən hər il əldə olunan 11-12 milyon manat vəsait müxtəlif vasitələrlə dövlət büdcəsindən və vergidən gizlədilərək mənimsənilib. O da bəlli olub ki, metroda fəaliyyət göstərən ticarət obyektlərinin tam əksəriyyəti T.Əhmədovun ailə üzvlərinin, qohumlarının və ona yaxın olan şəxslərin adlarına rəsmiləşdirilib. Yaxın zamanlarda yoxlamanın nəticələrinin ictimailəşdiriləcəyi və T.Əhmədovun həbs olunacağı gözlənilir.
T.Əhmədovun həbs olunacağı ilə bağlı xəbərlər yayıldığı dəqiqələrdə Musavat.com-a artıq ona qarşı cinayət işinin açıldığı barədə məlumat daxil olub. Onun istintaqa ilkin ifadə verdiyi də bildirilir. Mənbə deyib ki, sabiq metropoliten rəisinin yaxın günlərdə həbs olunacağı realdır.
Qeyd edək ki, T.Əhmədov hələ 2010-cu ildə Azadlıq Radiosunun «İşdən sonra» proqramına müsahibəsində metro ticarətindən əldə olunan vəsaitin vergidən yayındırıldığını demək olar ki, özü təsdiqləyib. Həmin vaxt T.Əhmədov bildirib ki, metropoliten ərazisindəki ticarət obyektlərində 2 min nəfər çalışır və ayda 70 min, ildə isə 840 min manat gəlir əldə olunur.
T.Əhmədov həmin gəlirin metronun tələbatlarına sərf olunduğunu və bir manat da olsun vergi ödənilmədiyini deyib. T.Əhmədov həmçinin bildirib ki, metro keçidlərində ən yüksək icarə haqqı bir kvadratmetr üçün 100 manatdı.
«Yeni Müsavat»ın məlumatına görə, heç də T.Əhmədovun dediyi kimi metropoliten ərazisində bir kvadratmetr yer ticarətçilərə 70-100 manata icarəyə verilmir. Həmin ticarətçilər işlətdikləri köşkləri birbaşa metropolitendən yox, ikinci əldən icarəyə götürürlər. T.Əhmədov doğru deyir, sənədlərdə metropoliten ərazisində bir kvadratmetr yerin icarə qiyməti 70-100 manata sənədləşdirilir. Amma icarədarlara ən azı 700 manata verilir. Metropoliten ərazisindəki ticarət köşklərinin ilk icarədarları isə T.Əhmədovun oğlunun və digər yaxınlarının sahibi olduğu müəssisələrdi. Həmin müəssisələr metropoliten ərazisindəki ticarət köşklərinin bir kvadratmetrini 70-80 manata icarəyə götürürlər, sonra isə təxminən 10 dəfə baha qiymətə icarəyə verirlər. Həm də həmin köşklər icarəyə verilərkən bir dəfə olmaqla ticarətçilərdən 1200-1500 manat alınır.
T.Əhmədov da metro ticarətindən böyük qazancı daha çox bu yolla əldə edib. Onun dediyi aylıq 70, illik 840 min manat isə öz yaxınlarının müəssisələrinin metropolitenlə bağladığı müqaviləyə görə ödənilən məbləğdi. Onun özünün dediyindən də məlum olur ki, həmin məbləğdən də dövlətə bir manat da olsun ödənməyib. Bu məbləğ «Metropolitenin tələbatına sərf olunub» adı ilə mənimsənilib. Ən yaxşı halda isə hara sərf olunduğu qaranlıq qalıb.
T.Əhmədovun işdən çıxarılmasından sonra qısa müddət ərzində aparılan yoxlamalar və araşdırmalar nəticəsində bütün bunlarla bağlı dəhşətli faktların üzə çıxması isə metropolitenin sabiq rəisinin qələminin birdəfəlik qırılmasına əsas yaradıb.
Maxinasiyaların miqyası o qədər böyükdür ki, T.Əhmədovun işdən çıxarılması onun üçün çox yüngül cəza hesab olunub. Buna görə də onun dövlətə vurduğu ziyanı, vergidən yayındırdığı vəsaiti ödəməsinə və həbsinə qərar verilib.
T.Əhmədov isə öz növbəsində nə yolla olursa-olsun həbsdən yaxa qurtarmağa çalışır. Onun buna nail ola biləcəyi isə az ehtimal edilir.
İşdən çıxarılandan sonra T.Əhmədovun vəziyyətinin pisləşməsinin bir səbəbi də metropolitenin yeni rəisi Zaur Hüseynovun göstərişi ilə metro ərazisindəki bütün ticarət obyektlərinin sahiblərinə müqavilələrin müddətinin uzadılmayacağı və köşklərin söküləcəyi barədə xəbərdarlıq edilməsidir. Bu xəbərdarlıqdan sonra demək olar ki, hər gün silsilə aksiyalar keçirilir. Metro ticarətçiləri köşklərinin sökülməsinə etiraz edirlər və bildirilər ki, bu köşkləri icarəyə götürərkən metropoliten rəhbərliyinə 1200-1500 manat ödəyiblər. Ticarətçilər köşklərin söküləcəyi təqdirdə həmin məbləğin qaytarılmasını tələb edirlər. İndiki rəhbərlik isə bu məsələnin onlara aidiyyətinin olmadığını deyir.
Qeyd edək ki, dünən də metro ticarətçiləri aksiya keçirməyə cəhd göstəriblər. Bu barədə başqa bir yazıda geniş məlumat vermişik.
Baş verənlər göstərir ki, uzun illər özünü yeraltı dünyasının ağası sayan T.Əhmədovun elə o yeraltındakı əməlləri onu başqa bir yeraltı dünyasına aparır.