Bu raket kompleksi 500 km məsafədə yerləşən hədəfi vura bilir.
Prezident Putinin fevralın 24-də Ukraynaya hücum etmək qərarından sonra Rusiya ilə Qərb arasında gərginlik artıb.
Vladimir Putin o vaxtdan bəri nüvə silahı mövzusuna bir neçə dəfə toxunub və bəzi şərhçilər bunu Qərb ölkələrinə müdaxilə etməmək xəbərdarlığı kimi qiymətləndirib.
Sankt-Peterburqda danışan Putin, Lukaşenkonun sorğusuna cavab olaraq, Rusiyanın Belarusa onun SU-25 döyüş təyyarələrini nüvə silahı daşıya bilməsi üçün təkmilləşdirilməsinə kömək edəcəyini qeyd edib.
Bu arada, bazar günü səhər Kiyevdə bir neçə partlayış baş verib, şəhər meri Vitali Kliçko bildirib.
AFP xəbər agentliyi şəhərdəki yaşayış binasının vurulduğunu bildirib.
Şənbə günü Ukrayna bildirib ki, Rusiya qüvvələri həftələrdir davam edən şiddətli döyüşlərdən sonra şərqdə yerləşən Severodonetsk şəhərini “tamamilə tutublar”.
Şəhəri ələ keçirməklə Rusiya indi demək olar ki, bütün Luqansk vilayətinə və qonşu Donetskə nəzarət edir. Bu iki region Donbas kimi tanınan nəhəng sənaye rayonunu təşkil edir.
Cümə gününə keçən gecə Rusiya Ukraynanın şimal və qərbindəki hədəflərə raket zərbələri endirib. Ukrayna bildirib ki, raketlərin bir hissəsi Belarusdan atılıb.
Sankt-Peterburqda belaruslu həmkarı Aleksandr Lukaşenko şənbə günü görüşən Prezident Putin deyib: “Biz qərara gəldik ki, yaxın bir neçə ayda Belarusa “İsgəndər-M” taktiki raket komplekslərini verək”.
İsgəndər raketləri artıq NATO-nun iki ölkəsi, Litva və Polşa arasında mövqe tutan Rusiyanın Baltikyanı kiçik eksklavı Kalininqradda yerləşdirilib.
Lukaşenko və Putin Litvanın bəzi malların Kalininqrada və Kalininqraddan daşınmasının qarşısını almaq qərarını da müzakirə ediblər – bu qərar Moskvanı qəzəbləndirib.
Belarus lideri Litvanın bu addımının “bir növ müharibə elanı” və “qəbuledilməz” olduğunu bildirib.
Polad və bəzi digər Rusiya mallarının Aİ ölkələri üzərindən hərəkəti Avropa İttifaqının sanksiyaları ilə qadağan olunub. Litva deyir ki, onun tətbiq etdiyi ölçülər Kalininqrad marşrutu üzrə Rusiya mallarının həmişəki tranzitinin yalnız 1 faizinə təsir edir və Moskvanın Kalininqradın “blokadası” ilə bağlı söhbətlərini rədd edir.