Vaxt.Az

Meşə yanğınları “nəzarət altındadır”


 

Rəsmilər 250 futbol meydançası böyüklüyündə sahənin yandığını deyir

Meşə yanğınları “nəzarət altındadır” Rəsmilərin bildirdiyinə görə, yanğınsöndürənlər Türkiyənin cənub-qərbində baş verən meşə yanğınlarını əsasən söndürüblər. Bu barədə Kənd Təsərrüfatı və Meşə naziri Vahit Kirişçi bildirib.

Yanğının söndürülməsi üzrə əməliyyata Azərbaycanın ayırdığı yanğınsöndürən təyyarə də daxil, çox sayda texnika və heyət cəlb olunub.

Çərşənbə axşamı Bördübet bölgəsində başlayan yanğın Türkiyənin Egey sahilindəki Marmaris kurortunun yaxınlığında yayılmağa başlayıb.

Muğla bölgəsinin rəsmiləri, ehtiyat tədbiri olaraq bölgədən 275-ə yaxın insanın təxliyə edildiyini deyiblər.

Yanğının səbəblərini araşdıran hüquq-mühafizəçiləri bir nəfərin saxlanıldığını bildirirlər. 

İddia olunur ki, 34 yaşlı şəxs ona torpaq sahəsi vermək istəməyən ailəsinə açıq etdiyi üçün yanğın törətmək qərarına gəlib.

“1988-ci il təvəllüdlü S.A. adlı şübhəli törətdiyi cinayəti etiraf edib. Hadisə yerindən 2 ədəd benzin kanistrası müsadirə olunub. Şübhəli şəxs hadisəni ailəsi ilə ədavət zəminində törətdiyini bildirib”, – Daxili işlər naziri Süleyman Soylu bildirib.

Rəsmilər ötən gün ərzində 250 futbol meydançası böyüklüyündə sahənin yandığını deyirlər.

“Son 12 saatda 180 hektar meşə yanıb”, – Muğla şəhərinin bələdiyyə başçısı deyib.

Osman Gürünün sözlərinə görə, ümumilikdə yanğına məruz qalan sahə 3417 hektar təşkil edir.

Keçən il Türkiyənin Aralıq dənizi və Egey bölgəsində insan ölümü ilə nəticələnən meşə yanğınları, ətraf mühitə və iqtisadiyyata ağır zərbə yetirib.

 





26.06.2022    çap et  çap et