Vaxt.Az

Sanksiyaların təsiri 2 il sonra hiss olunacaq


 

Bəs Ukrayna və Qərb bu qədər davam gətirə biləcəkmi?

Sanksiyaların təsiri 2 il sonra hiss olunacaq Rusiyaya qarşı yeganə təsirli “sanksiya” neft-qaz qiymətlərinin ucuzlaşması ola bilərdi, rubla təsir edən yeganə addım xarici şirkətlərin Rusiya bazarından çıxması deyil də, tam tərsi, satışlarını artırması ola bilərdi – Qərb ölkələri Rusiyaya qarşı sanksiyalarının qısa zamanda (bir daha, qısa zamanda) heç bir təsiri yoxdur, bəli, orta və uzan zaman kəsimində təsirləri olacaq, amma buna 2 il və daha artıq zaman lazım olacaq - bəs yaxşı, Ukraynanın 2 il və daha artıq dözmək imkanı varmı?!

Qərb hər şeyi tərsinə edir, çünki post-sovet toplumunu, əsas da Rusiya xalqını çözə bilməyib, hələ də anlamır ki, Rusiya əhalisinin 80 faizi elə “putinlərdən” ibarətdir, camaat elə Putin deyəni deyir. 

Neftə qarşı sanksiya qoydular – qiymət bahalaşdı, bu gün Rusiya neftini Hindistana və Çinə satır, bəli, təqribən 20-30 faiz daha ucuz satır, amma ən azı 80-90 dollara sata bilir, Rusiyada neftin maya dəyəri isə 10-14 dollar arasıdır. Qaza qarşı sanksiya qoydular – qazın qiyməti Qərbdə kəllə-çarxa çıxdı, Rusiya necə qaz satırdısa elə də satır, amma əvvəl (2019-cu ildə) 240 dollara (ortalama) satdığı qazı bu gün (2021-ci ilin sonundan bu günə) 1000 dollara satmağa nail olub. 

“The Economic Times” nəşri yazır ki, yanvar-iyun aylarında Hindistan Rusiyadan neft alışını 50 dəfə (!!!) artırıb, Ukrayna müharibəsinə qədər Hindistan ümumi istehlak etdiyi neftin cəmi 0,2 faizi Rusiyadan alırdısa, indi 11 faizə yaxınını Rusiyadan alır, Çin isə Rusiyadan neft alışını 56 faiz artırıb – nəticədə neftlə, benzin qiymətləri ilə bağlı problem Qərbdə, Avropa və ABŞ-da yaşanır. 

Hələ mən onu demirəm ki, Qərb şirkətlərinin özləri də primitiv və başaldadıcı sxem qurub pul qazanırlar – neftlə 49% dolu tanker Rusiyadan çıxır, sonra ərəb ölkələrinin birinin limanına daxil olur, orada 51 faiz həmin ölkənin neftini tankerə doldururlar, gəminin nömrəsi və indendifikasiya kodu dəyişdirilir, sonra tam leqal o neft Qərbdə satılır. Yəni, dünyada heç vaxt pulun və ideyanın qarşısını süni yolla almaq olmur, indi də dar bir çevrə ciddi pul qazanır. Həm də, baha neft-qaz dünyada dəb mövzu olan “yaşıl enerjiyə” keçidi stimullaşdırır. 

Dünən də G7 ölkələri Rusiyadan qızıl alışına qadağa qoyulması təklifini qəbul etdilər, bu qərar Rusiyaya 19 milyard dollar ziyan vuracağını söyləyirlər – amma yenə səhv hesablayırlar, Rusiya indi qızılı Qərbə deyil də, Hindistana satacaq, zatən dünyada fiziki qızılı ən çox alan ölkə Hindistandır. Yəni, Rusiya heç nə itirməyəcək, Qərbə satdığı qızılı indi Hindistan və Çinə satacaq – vəssalam. 

Diqqətli oxucular yəqin ki, xatırlayırlar, hətta müharibədən öncə də dəfələrlə yazmışam – Rusiyanı zəiflətmək üçün onu dışlamaq yox, qucaqlayıb “boğmaq” lazımdır. İndi orta-uzun vədədə Rusiya zəifləyəcək, amma Dünya və Ukrayna uzun zaman davam gətirə biləcəkmi – bax əsas sual budur. Çünki, Qərbin ən güclü yeri demokratiya, seçki olduğu kimi ən zəif yeri də məhz seçki və demokratiyadır – dünyada qiymət artımı, inflyasiya, qeyri-sabitlik demokratiyalara zərbə vurur, indiki hakimiyyətləri zəiflədir, növbəti seçkilərdə onların məğlubiyyətinin zəminini hazırlayır. Putin kimi diktatorun isə seçki və demokratiya dərdi yoxdur, ondan bunu tələb edən toplum da yoxdur, ona görə də demokratiyanın “yan təsirlərindən” sığortalanıb vəhşi kimi müharibə aparır, hələ uzun aylar da aparmağa qadirdir. Toplum “putinləşib”, nə iqtisadi itkilər, nə də insan ölümlərinin sayı onlara təsir etmir... 

P.S. İndidə təzə söhbət atıblar ki, Rusiya defolt oldu – yoxdur elə bir şey, texniki məsələdir, süni defoltdur, Rusiya pul ödəmək istəyir, sanksiyalara görə edə bilmir. Ölkələrin texniki defoltu o zaman ağrılı olur ki, bundan sonra həmin ölkələrə heç kim borc-kredit vermir – Rusiyaya zatən kredit verən yox idi, indi də olmayacaq, nə itirir ki, rus ayısı?! Nə isə, dünyanı şou-biznes kimi idarə edirlər...

 





27.06.2022    çap et  çap et