Vaxt.Az

“Razı deyilik”


 

“Bloomberg”in Rusiyanın defoltla qarşılaşması xəbərinə Kremldən etiraz

“Razı deyilik” İyunun 27-nə keçən gecə Rusiyada 1918-ci ildən bəri ilk dəfə “Rusiya-2026” və “Rusiya-2036” xarici valyutada dövlət borc öhdəlikləri üzrə defolt baş verib. Bu barədə “Bloomberg” agentliyi yazır. Agentliyin məlumatına görə, bazar günü, mayın 27-də dövlət istiqrazları üzrə 100 milyon dollara yaxın gecikmiş ödənişlərin ödənilməsi üçün güzəşt müddəti başa çatıb, ödəniş həyata keçirilmədikdə bu, defolt hadisəsi hesab olunur.

“Bloomberg” qeyd edir ki, bu defolt 1918-ci ildən bəri ilk dəfə baş verib və “xarici kreditorlara ödənişlərin yolunu kəsən getdikcə şiddətlənən Qərb sanksiyalarının kulminasiyası nöqtəsi” olub.

“Bu, ölkənin sürətlə iqtisadi, maliyyə və siyasi cəhətdən tənəzzülünün acınacaqlı əlamətidir” deyən agentlik Rusiyanın mərkəzi bankının valyuta ehtiyatlarının dondurulduğunu və iri bankların qlobal maliyyə sistemi ilə əlaqəsinin kəsildiyini qeyd edib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Kremlin Rusiya Federasiyasındakı defoltla bağlı bəyanatlarla razı olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib ki, “xeyr, razı deyilik”.

Rusiya Maliyyə Nazirliyi öz növbəsində, investorların Rusiya Federasiyasının suveren avrobondlarının iki buraxılışı üzrə ödənişləri “üçüncü tərəflərin hərəkətləri səbəbindən” almadıqlarına istinad edib. Agentlik bəyan edib ki, hələ mayın 20-də, gözlənilən ödəniş tarixindən bir həftə əvvəl vəsaiti həmin buraxılışlar üzrə ödəniş agenti olan Milli hesablaşma depozitarına köçürüb və bununla da borc kağızlarının xidməti üzrə öhdəliklərini yerinə yetirib. Milli hesablaşma depozitarı daxil olan avrobond ödənişlərinin əmanətçilərə köçürüldüyünü bildirib. Lakin bu vəsaitlər “Euroclear” beynəlxalq depozitarında “ilişib “ və heç vaxt sahiblərinə çatmayıb.

Rusiya Federasiyası Maliyyə Nazirliyinin məlumatına görə, bu, mayın 25-də OFAC-ın (ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisi) lisenziyasının müddətinin başa çatması ilə əlaqədar baş verib. Bu, Rusiyanın qiymətli kağızları üzrə ödənişlərin alınması üçün zəruri olan əməliyyatlara icazə verirdi, ABŞ-ın Maliyyə nazirliyi isə onun yenilənməyəcəyini əvvəlcədən elan edib.

“Beynəlxalq hesablaşma və klirinq sistemləri əvvəlcədən vəsaiti tam şəkildə qəbul edərək, bu vəsaitləri alıcılara çatdırmaq üçün hüquqi və maliyyə imkanlarına malik olsa da (müvafiq olaraq ABŞ dolları və avro ilə ödənişlər üzrə mayın 24-də və 25-də vəsait vaxtında daxil olub) bunun üçün lazımi tədbirlər görməyib”, – deyə Rusiya Federasiyası Maliyyə Nazirliyinin məlumatında deyilir.

Agentlik vurğulayır ki, bütün bazar iştirakçıları “göstərilən lisenziyanın müddətinin bitdiyini əvvəlcədən bilirdilər, lakin vəsaitləri investorlara çatdırmaq üçün tədbir görməyiblər” və “xarici maliyyə vasitəçilərinin hərəkətləri Rusiya Maliyyə Nazirliyinin nəzarətindən kənardadır”.

“Bloomberg” agentliyi defoltun hələ də əsasən simvolik xarakter daşıdığını və bunun rusiyalılar üçün əhəmiyyətinin az olduğunu vurğulayır.

 





27.06.2022    çap et  çap et