Putin Tacikistana səfərindən üç gen əvvəl Belarus lideri Aleksandr Lukaşenkoya demişdi ki, Moskva Minskə 500 kilometr məsafəni vura bilən “İsgəndər-M” raket sistemi verəcək.
Hazırda Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Kiyev və Minsk arasında da müəyyən gərginlik yaşanır.
Bəzi şərhçilər deyirlər ki, Putin Lukaşenkanı nəyin bahasına olursa olsun Ukrayna münaqişəsinə çəkməyə çalışır.
***
Rusiya, Belarus və Tacikistan, habelə Ermənistan, Qırğızıstan və Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridirlər.
Bu ayın əvvəllərində Peterburqda keçirilən iqtisadi forumda Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev Moskvanın Ukrayna siyasətinə zidd olan fikirlər səsləndirmişdi.
O demişdi ki, Qazaxıstan Ukraynanın Donbas regionunda separatçıların elan etdiyi “kvazidölətləri” tanımır.
Tokayev bunu da bildirmişdi ki, Qazaxıstan Rusiya ilə müttəfiqliyinə baxmayaraq Qərbin Moskva üzərinə sanksiyalarını pozmayacaq.
Tacikistana gəlincə isə bu ölkədə Rusiyanın 201-ci motoatıcı diviziyası və 7 min əsgəri var.
***
Xəbər verilir ki, Tacikistandan sonra Putinin Aşqabada səfər edəcəyi gözlənilir. O Türkmənistan paytaxtında keçiriləcək Xəzər sammitinə yollanacaq.
Bu sammitdə Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan liderlərinin iştirak edəcəyi deyilir. Peskov bu görüş əsnasında ikitərəfli danışıqların aparılıb-aparılmayacağı barədə suala cavab verməyib.
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Putin Belarusa səfər etməyi planlaşdırır. Lakin sonradan bildirildi ki, Aleksandr Lukaşenko ilə görüş videoformartda olacaq.
Bir sıra ölkələr, o cümlədən ABŞ və Kanada Vladimir Putinə səfər qadağanı qoyublar. Bununla belə İndoneziya prezidenti Coko Vidodo 2022-ci ilin noyabrında Böyük iyirmilərin G20 qrupunun sammitinə Putinə göndərilmiş dəvəti ləğv etməyib.
Lakin o bu sammitə Ukrayna prezidenti Vladimir Zelenskini də dəvət edib. Putinin bu sammitdəki iştirakının formatı barədə heç bir xəbər verilməyib.
Bəzi məlumatlara görə İndoneziya prezidenti iyunun 30-da Moskvada Vladimir Putinlə görüşəcək.