Vaxt.Az

Referendum bitər-bitməz...


 

Krımdakı rus ordusu hərəkətə keçdi

Referendum bitər-bitməz... Krımın Rusiyaya birləşdirilməsi istiqamətində Moskva daha bir addımını reallaşdırır. Rusiyanın hərbi və siyasi dəstəyi ilə keçirilən referendum bu saatlarda davam edir. Dünya dövlətlərinin qəbul etmədiyi referendumda səsvermə 3 dildə - rus, ukrayna və krım tatarlarının dilində aparılır.

BBC-nin yaydığı məlumata görə, tatarlar referendumu boykot etdiklərini bildiriblər. Bu saatlara qədər yarımadanın tatar əhalisinin səsverməyə qatılmadığı bildirilir. Krım tatar məclisi İslam Əməkdaşlıq Şurasına müraciət edərək təşkilatı Krımdakı böhranın həllində iştirak etməyə çağırıb. 

Ümumiyyətlə yerli referendumların keçirilməsi Ukrayna Konstitusiyasına ziddir. 

Dünya ictimaiyyəti bu referendumu qeyri-legitim sayır. Rusiyanın Krım siyasətinə etiraz olaraq Britaniya hökuməti Soçidə keçirilməsi planlaşdırılan 8-lik sammitinin Londona təyin olunmasını təklif edib. Mənbə bildirib ki, əgər Rusiya Ukraynaya qarşı təcavüzkar siyasətin davam etdirsə, böyük səkkizliyin sammiti Rusiyasız keçiriləcək.

Krımın müqəddəratını təyin edəcək səsvermənin bitməsinə artıq bir neçə saat qalıb. Yarımadanın 1 milyon 200 min əhalisinin səsvermə hüququ olsa da onların təxminən yarım milyonunun səsverməyə qatılacağı gözlənilir. Referendumda əsasən Krımın rus və ukrayna mənşəli əhalisi iştirak edir. 

Krım sakini Valentina Qalkina: «Mən referendumda Rusiyanın lehinə olan varianta səs vermək üçün bu gün buradayam. Hərənin bir fikri ola bilər, nə deyə bilərəm»

Krım tatarları isə hələ bir neçə gün öncədən səsverməni boykot edəcəklərini açıqlayıblar və səsverməyə qatılmayıblar. 

Avropa Birliyi və ABŞ Krım referendumunun qeyri-legitim adlandırsalar da BMT-də bununla bağlı qətnamə layihəsi qəbul etməkdə aciz qalıblar. Təhlükəsizlik Şurasının 13 üzvü layihənin lehinə səs versə də Rusiya sənədə veto qoyub. Rəsmi Moskva hesab edir ki, Krımda referendum BMT nizamnaməsinə uyğun olaraq keçirilir. 

Yarımadadakı siyasi proseslər həm də rus ordusunun yüksək hərbi hazırlığı ilə müşayiət olunur. Ukrayna hökuməti iddia edir ki, Ukrayna ordusu Xerson vilayəti ərazisinə Rusiya silahlı qüvvələrinin desant çıxarmasının qarşısını alıb. Bununla belə Rusiyanın Krıma 4 batareya «S 300» zenit raket kompleksi gətirdiyi xəbər verilir. Məlumata görə seçki məntəqəsindən bir neçə metr aralıda yerləşən Ukraynanın ən böyük hərbi hissələrindən birini Rusiya qoşunları mühasirəyə alıblar. Yol kənarlarında hər 30 metrdən bir silahlı əsgərlər keşik çəkir. 

Ukraynanın şərqində yerləşən Donetskdə də vəziyyət gərginləşib. Rusiyayönümlü izdiham Ukraynanın Təhlükəsizlik Xidmətinin binasına basqın edib. Etirazçılar binanın giriş qapılarından keçərək, Ukrayna bayrağını endirib və əvəzinə 1918-ci ilin keçmiş müstəqil Donetsk Respublikası bayrağını ucaldıb.

 





17.03.2014    çap et  çap et