Vaxt.Az

Bayden “qara siyahı”da


 

ABŞ prezidenti və ailəsinin Rusiyaya girişi qadağan olunub

Bayden “qara siyahı”da Rusiya Amerika Birləşmiş Ştatlarına (ABŞ) qarşı özünün sanksiyalar siyahısına daha 25 adamı daxil edib. Siyahıda ABŞ prezidenti Co Baydenin ailə üzvləri də yer alır.

“Rusiyanın siyasi və ictimai xadimlərinə qarşı ABŞ-ın daim genişlənən sanksiyalarına cavab olaraq, senatorların rusofob kursunun formalaşmasına cavabdeh şəxslər,... həmçinin, prezident Co Baydenin ailə üzvləri də yer almaqla 25 Amerika vətəndaşı “stop-list”ə daxil edilir”, - Rusiya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilir.

“Qara siyahı”ya o cümlədən ABŞ prezidentinin xanımı ilə qızı – Cill və Eşli Bayden salınıb.

Siyahıda Konqres üzvləri, senatorlar, keçmiş hökumət rəsmiləri, universitet müəllimləri, təhqiqatçılar, 30 il öncə “Tarixin sonu” haqqında məqaləsi ilə tanınan filosof və politoloq Frensis Fukuyama da var.

Moskvanın barələrində sanksiyalar tətbiq etdiyi ABŞ vətəndaşlarının ümumi sayı 1048 nəfərə çatıb.

Ukraynaya təcavüzdən (bu il fevralın 24-də) sonra ABŞ, Böyük Britaniya və Avropa İttifaqı (Aİ) üzvləri daxil, Qərb ölkələri Rusiyaya qarşı altı sanksiya paketi tətbiq edib. Rusiyanın fiziki şəxslərinə qarşı sanksiya siyahılarına Kremlə bağlı oliqarxlar, şəxsən prezident Vladimir Putin, onun qızları, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onu ailə üzvləri də salınıb.

 





28.06.2022    çap et  çap et