Vaxt.Az

Texasda dəhşət


 

Yük maşınında ən azı 46 nəfər ölü tapılıb

Texasda dəhşət ABŞ-ın cənub Texas ştatının rəsmiləri bazar ertəsi yük maşınının içində 46 miqrantı ölü aşkar ediblər. San Antonio Yanğınsöndürmə İdarəsinin rəisi Çarls Hud müxbirlərə deyib ki, əlavə 16 nəfər, o cümlədən 4 uşaq isti ilə əlaqədar fəsadlarla xəstəxanaya aparılıb.

Yük maşını San Antonionun cənubunda ucqar bir yerdə dəmir yollarının yaxınlığında tapılıb. Şəhərdə hava temperaturu bazar ertəsi 39 dərəcə selsiyə çatıb.

San Antonio polisi bildirib ki, onlar hələ ki, yük maşınındakı insanların haradan olduqlarını deyə bilmirlər. Təhqiqatı federal rəsmilər aparır.

Meksikanın xarici işlər naziri Marselo Ebrard “Twitter”də yazıb ki, əraziyə gedən Meksika konsulunun bildirdiyinə görə, xəstəxanaya aparılanlardan ikisi qvatemalalı olub.

Ebrard deyib ki, yük maşınında ABŞ-ın dövlət nişanı olub və insidentin insan qaçaqçılarının işi olduğu güman edilir.

San Antonionun meri Ron Nirenberq vəziyyəti “dəhşətli insan faciəsi” adlandırıb.

“Bu, faciəvidir”, – Nirenberq müxbirlərə bildirib. “Bildiyimiz qədər ailələri olan, daha yaxşı həyat tapmağa çalışan 46 nəfər artıq aramızda deyil”.

2017-ci ildə San Antonio polisi 10 miqrantın Walmart mağazasının avtodayanacağında yük maşınında ilişib qalaraq öldüyünü aşkar etmişdi. Həmin yük maşının sürücüsü qaçaqçılıq əməliyyatında oynadığı rola görə ömürlük həbsə məhkum edilmişdi.

 





28.06.2022    çap et  çap et