O bildirib ki, Ermənistan delimitasiya prosesi və sülhlə bağlı prosesləri yubatmamalıdır: “İlk Komando Hərbi Hissəsi Hadrutda istifadəyə verilmişdi. İkinci belə bir hərbi hissə Kəlbəcərdə istifadəyə verilməklə Silahlı Qüvvələrimizin şəxsi heyyətinin say tərkibin genişləndirilməsinə, onların peşəkarlığının artırılmasına, döyüş qabiliyyətinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Eyni zamanda Prezident öz çıxışı ilə Ermənistana mühüm mesajlar verdi və ölkəmiz üçün ərazi bütövlüyünün və təhlükəsizliyin qorunmasının ən prioritet məsələ olması vurğulandı. Dövlət başçısı hər zaman ordu quruculuğuna böyük diqqət yetirir, ordunun peşəkar olması, təkmilləşdirilməsi, müasir standartlara uyğun silah təchizatının həyata keçirilməsi, yeni müqavilələrin imzalanması, Azərbaycanı dünyanın tanınmış ordu sıralarına daxil olması ən öncül vəzifələr sırasındadır.
Dövlət başçısı Ali Baş Komandan kimi daim orduya böyük diqqət ayırır. Ordumuzun gücləndirilməsinə xidmət edən addımlar atır. Ona görə də Azərbaycan məhz Vətən müharibəsindən sonra dünyanın ən tanınmış orduları sıralarında yer alır. Şuşanın işğaldan azad olunması dünyanın hərb tarixinə düşdü və hərbi dərsliklərdə artıq nümunə kimi göstərilir.
Bu xüsusda Azərbaycanın məhz silahlı qüvvələrinin təkmilləşdirilməsi Ermənistan tərəfində böyük narahatlıqla qarşılanır və bölgədə gedən proseslər Ermənistanın daxili auditoriyasına o formada təlqin olunur ki, Azərbaycan sanki Üçüncü Qarabağ müharibəsinə hazırlaşır. Lakin Ermənistan da məsuliyyəti anlamalıdır, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bölgədə delimitasiya prosesi ilə bağlı işlər həyata keçirilir, onu yubatmamalıdır. İqtisadi və nəqliyyat əlaqələrin bərpa olunması ilə bağlı böyük bir yol qət edilib, lakin heç bir nəticə yoxdur. Bu işləri Ermənistan sürətləndirməlidir və yekun sülh müqaviləsinin imzalanması ilə bağlı praktiki addımlar icra olunmalıdır.
Lakin biz müşahidə edirik ki, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmağa çalışır. Belə olan təqdirdə beynəlxalq hüququn normalarının işləmədiyini görən Azərbaycan tərəfi daim güc faktoruna diqqət ayırır və onun siyasi diplomatik zəminə riayət etməsinə çalışır. Məhz bu gün güclü dövlətlər həm də dünya siyasətində qabaqcıl yerə malikdirlər.
Güc faktoru hər zaman nəzərə alınır və güclü dövlətlərin güclü diplomatiyası da olur. Bu xüsusda Azərbaycan həm müasir trendlərə uyğun olaraq praktiki addımlar atır, həm də ölkəmizin vətəndaşlarının təhlükəsizliyinin qorunmasını ən vacib vəzifə hesab edir. Bu baxımdan Azərbaycan sülhün qorunması işində böyük töhfə verir və regional təhlükəsizliyin qorunmasında da Azərbaycanın önəmli, praktiki addımları mövcuddur”. (Milli.az)