Vaxt.Az

“Quru söz yox, nəticə”


 

Ankara bildirir ki, tələbləri icra olunmasa Finlandiya və İsveçin alyansa üzv olmasına mane olacaq

“Quru söz yox, nəticə” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 28-də deyib ki, NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçdən “quru sözlər yox, nəticə” gözləyir. Hazırda Ankara bu iki ölkənin NATO üzvlüyünə daxil olmasına maneçilik törədir.

Türkiyə iki Skandinaviya ölkəsini kürd yaraqlıları və separatçıları himayə etməkdə, habelə Ankaraya silah embarqosu qoymaqda ittiham edir. Ərdoğan iyunun 28-də bunu da deyib ki, o ABŞ prezidenti Co Baydendən Türkiyəyə “F-16” qırıcıları verilməsini istəyəcək.

Hazırda bu məsələ də dalana dirənib. Finlandiya və İsveç onilliklərlə davam edən neytrallıq statusunu Rusiyanın Ukraynaya əsassız və haqsız hücumundan sonra dəyişmək qərarına gəliblər.

Türkiyə öz narahatlıqları barədə Finlandiya, İsveç və NATO ilə danışıqlar aparır və yazılı tələblərini Helsinki və Stokholma təqdim edib.

***

Ankara bildirir ki, tələbləri icra olunmasa bu iki ölkənin alyans üzvü olmasına mane olacaq.

NATO-nun Nizamnaməsinə görə hər hansı bir ölkənin alyans üzvlüyünə qoşulması üçün bütün üzv ölkələrin razılığı tələb olunur.

Madriddə keçiriləcək NATO sammitindən əvvəl danışan Ərdoğan deyib ki, Helsinki və Stokholm NATO-ya üzv olmaq istəyirlərsə, Ankaranın tələblərini yerinə yetirməlidirlər:

“Biz dördtərəfli danışıqlar aparacaq və baxacağıq görək hansı mərhələdəyik. Bizə quru sözlər yox, nəticələr lazımdır. Biz meydançanın ortasında bir-birimizə pas atmaqdan bezmişik. Hələlik onlar yalnız söz danışırlar”.

Ərdoğanən müşaviri və Türkiyə xarici işlər nazirinin müavini İsveç və Finlandiya nümayəndələri ilə iyunun 27-də Brüsseldə görüşüblər.

Bu görüş sammit əsnasında keçiriləcək dördtərəfli danışıqlara hazırlıq səciyyəsi daşıyırdı.

Türkiyə rəsmiləri və Qərb diplomatları “Reuters” agentliyinə məsələnin Madrid sammitində həllini tapacağına ümid etmədiklərini bildiriblər.

***

Ərdoğan deyib ki, bu sammitdə Türkiyənin mövqeyini müttəfiqlərə izah edəcək.

Türkiyə prezidenti bildirib ki, Co Baydenlə telefonda danışıb və onun istəyi ilə bu gün (iyunun 28-də) ya da sabah ABŞ prezidenti ilə üzbəüz görüşəcək.

Ərdoğan deyib ki, onlar habelə Türkiyənin Rusiyadan S-400 raket sistemi almasına görə yaranmış vəziyyəti müzakirə edəcəklər.

Ankara Moskvadan “S-400” raketləri alandan sonra Vaşinqton onun üzərinə sanksiyalar qoyub.

Türkiyə ABŞ-ın “F-35” təkmil qırıcı təyyarə proqramından çıxarılıb. Ərdoğan hazırda bunun əvəzində Türkiyəyə 40 ədəd “F-16” qırıcılarının verilməsini istəyir:

“Bizim üçün ABŞ-la ən mühüm müzakirə F-16 məsələsidir. Bu məsələ masa üzərindədir, amma məsələnin uzadılması taktikası yürüdülür”.

Ağ Ev iyunun 28-də Co Bayden və Ərdoğan arasında görüşün keçiriləcəyini təsdiqləyib.

 





28.06.2022    çap et  çap et