Vaxt.Az

Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə razılıq verdi


 

Üç ölkənin xarici işlər nazirləri memorandum imzalayıb

Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə razılıq verdi Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri iyunun 28-də memorandum imzalayıblar. “SkyNews” telekanalının verdiyi xəbərə görə bu memorandumla Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə qarşı iradını aradan qaldırıb.

Bu hadisə iyunun 28-də üç ölkə liderlərinin Madriddə keçirilən danışıqlarından sonra baş verib.

Finlandiya prezidenti Sauli Niinistonun bəyanatında deyilir: "Biz NATO-nun baş katibi Yens Stoltenberqin vasitəçiliyi ilə Türkiyə prezidenti Recep Tayyip Erdoğanla və İsveçin baş naziri Maqdalena Andersonla çox təfərrüatlı görüş keçirdik. Bu görüşün nəticəsində xarici işlər nazirlərimiz Türkiyənin Madrid sammitində Finlandiyanın və İsveçin NATO üzvlüyünə dəvəti dəstəkləyəcəyini təsdiqləyən memorandum imzaladılar”.

Belə bir razılaşmanın əldə olunduğunu Stoltenberq də təsdiqləyib. Bundan əvvəl Türkiyə prezidenti bildirmişdi ki, Finlandiya və İsveç Ankara qarşısında kürd yaraqlıları ilə bağlı öhdəlik götürməlidir.

 





28.06.2022    çap et  çap et