Vaxt.Az

Etirazçılar Təbriz-Tehran yolunu bağlayıb


 

Şəhərin çıxışında uzun avtomobil tıxacı yaranıb

Etirazçılar Təbriz-Tehran yolunu bağlayıb Təbrizin çıxışında yerləşən Kərgə bölgəsinin əhalisi etiraz aksiyası keçirərək Təbriz-Tehran yolunu bağlayıb və nəticədə şəhərin çıxışında uzun avtomobil tıxacının yarandığı bildirilir.

Etiraz aksiyası Təbrizin Kərgə bölgəsində yerüstü dairəvi körpünün tikilməməsi ilə bağlı bir neçə il bundan öncədən verilən vədlərin yerinə yetirilməməsi ilə bağlıdır.

Ötən ilin noyabr ayının 9-da kərgəlilər geniş etiraz aksiyası keçirərək Təbriz-Tehran yolunu bağlayıb və bir neçə kilometrlik avtomobil tıxacının yaranmasına səbəb olmuşdular.

Etirazçıların dağıdılması üçün bölgəyə xüsusi təyinatlı qüvvələr yeridilmiş və gərgəlilərlə onlar arasında şiddətli qarşıdurma nəticəsində bir neçə nəfər yaralanmışdı.

Gərginliyin artmasından qorxan yerli məsullar Gərgəyə gəlib və əhali ilə görüşərək qısa müddətdə yarımçıq qalan yerüstü dairəvi körpünün tikintisinin yenidən başlanacağını bildirmişdilər.

Məsələnin üstündən uzun müddət keçməsinə baxmayaraq valilik və fərmandarlığın verdiyi vədlərin heç birinin yerinə yetirilməməsi gərgəlilərin hiddətlənməsinə səbəb olub.

Xatırladaq ki, bundan bir neçə il öncə heç bir dəqiq layihə və büdcə olmadan seçkiqabağı təbliğat və təşviqat kampaniyası çərçivəsində Kərgə bölgəsində dairəvi yerüstü körpünün tikintisi ilə bağlı təməlatma mərasimi həyata keçirilib.

Mərasimin üstündən illər keçməsinə baxmayaraq, vacib layihənin başlanmaması, bölgədə tixacların, yol qəzalarının və insan ölümlərinin sayının çoxalmasından hiddətlənən əhali müraciətlərinin cavabsız qaldığına görə etiraz aksiyasına əl atmağa məcbur olublar.

 





29.06.2022    çap et  çap et