Vaxt.Az

Rusiya ermənilərə meydan verdi


 

Qarabağda vəziyyəti qarışdıracaq addım

Rusiya ermənilərə meydan verdi Rusiyanın ermənipərəst dairələri hər vasitə ilə Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif etməyə və Azərbaycanın müsbət obrazını, tarixi zəfərini hörmətdən salmağa çalışır və təbii ki, onların bu pozucu fəaliyyəti narahatlıq doğurmaya bilməz.

Rusiyada erməni diasporunun təsiri altında olan bəzi kütləvi informasiya vasitələri, politoloqlar və ekspertlər hazırda bu məsələdə ən aktiv “iştirakçılardır”. Xüsusilə qatı ermənipərəstliyi ilə seçilən Vladimir Solovyovun təxribatçı verilişləri buna əyani sübutdur.

Rusiyanın tanınmış teleaparıcılarından və hakimiyyət təbliğatçılarından olan, indiyədək ermənipərəst mövqeyi ilə tanınan Vladimir Solovyov növbəti dəfə də efir vaxtını anti-Azərbaycan isterikası ilə doldurub.

Belə ki, Solovyov David Babayan adlı şəxsi mövcud olmayan qondarma “Dağlıq Qarabağ”ın xarici işlər naziri olaraq təqdim edib. Veriliş zamanı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilib, o cümlədən ölkənin ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirilib.

Rusiya xarici işlər nazirinin 5 gün əvvəl Bakı səfəri zamanı Ceyhun Bayramovla Sergey Lavrov arasında imzalanan informasiya təhlükəsizliyi haqqında sənəddə hər iki ölkənin mediasında bir-birinə qarşı qərəzli informasiyanın yayılmasının qarşısının alınması əsas məqsəd kimi qeyd edilsə də, ermənipərəst təbliğatçı, Rusiyanın federal “Rossiya 1” telekanalında və “Vesti - Fm”də ermənilərdən artıq erməni olmağa çalışan Vladimir Solovyov bütün bu anlaşmaların üstündən xətt çəkəcək qədər belə bir təxribatı ilə diqqət mərkəzinə düşüb.

Sənədə əsasən Azərbaycanın ərazi bütövlüyünə qarşı informasiyanın yayılmasının qarşısı alınması ilə bağlı xüsusi bənd qeyd edilsə də, cəmi 3 gün sonra bu razılaşma pozulur, özü də Rusiyanın federal telekanalında...

Belə görünür ki, Lavrovun Minsk qrupu ilə bağlı ermənilərin xoşuna gəlməyən Bəyanatı, iki tərəf arasında informasiya ilə bağlı sənədin imzalanması Rusiyadakı erməni media mafiyası tərəfindən xoş qarşılanmamış və Marqarita Simonyan başda olmaqla həmin şəbəkənin əsas dayaq nöqtələrindən olan Solovyovun Fm kanalı vasitəsilə ikitərəfli münasibətlərə zərbə vurmaq üçün qondarma qurumun özünü xarici işlər naziri adlandıran ünsürünü efirə dəvət etməyi məqsədəuyğun hesab edib.

Bunu Kremlin əsas trollarından hesab edilən Solovyov edərkən çox yaxşı bilirdi ki, məlum efirdəki sujet fevral və iyun ayında imzalanan ikitərəfli sənədlərə tamamilə ziddir. Belə görünür Azərbaycana qarşı təxribatyönlü növbəti dəfə belə bir addımı atmaq üçün aidiyyatı yerdən icazəsi alınıb. Çünki hər kəsə məlumdur ki, Solovyov Rusiyanın maraqlarına zidd olacaq heç bir addımı atmaz.

Ona görə ki, onun əqidə, din seçimi kimi mövqe seçimi də aldığı pulun məbləğindən asılıdır. O məbləği isə ona məhz Kreml verir. Hətta o məbləğ o qədər yüksəkdir ki, Solovyov sanksiyalara düşmək ərəfəsində İtaliyada üçüncü mülk almağı da bacardı.

Analoji təxribatların qarşısının alınması üçün Azərbaycan və Rusiyanın qanunlarına hörmət və bu qanunlara əsaslanan məlumat azadlığı prinsiplərinə əsasən hər iki tərəfin aparıcı media rəhbərləri arasında xüsusi tədbirlərin həyata keçirilməsi ilə bağlı ümumi anlayış mövcuddur və bu barədə artıq razılıq əldə olunub. Ancaq Rusiyanın media məkanında son analoji hadisələr (Öncə Ria-Novostinin, indi isə Solovyovun Dövlət Radiosunun efirində etdiyi – red.) deməyə əsas verir ki, təxribatdan başqa bir şey deyil.

Bu, birbaşa olaraq Lavrov və Ceyhun Bayramov arasında imzalanan informasiya təhlükəsizliyi müqaviləsinə ziddir. Dövlət Radiosunun Azərbaycana qarşı artıq həmin o sənədi, anlaşmanı pozması Rusiyanın Azərbaycana qarşı sənədi pozması deməkdir.

V.Solovyovun obyektivlik prinsiplərinə əməl etmək əvəzinə Dağlıq Qarabağda döyüşən tərəflərdən birinin mövqeyini dəstəkləməsi, ona meydan verməsi Azərbaycana, onun ərazi bütövlüyünə, suverenliyinə təhdid olaraq hesablanmış bir insidentdir. Hələ bu azmış kimi utanmaz-utanmaz trol dəstəsinin aparıcı üzvü Qarabağdakı terrorçu-separatçı rejimin mənsubu David Babayanla müsahibəyə görə birbaşa efirdə Azərbaycandan “üzr istəyib”.

Buna üzr demək olarsa?! Fəqət onun yenə qarabağlı erməniləri “münaqişə tərəfi” adlandırması, üzrünün qəbahətindən böyük olması ilə nəticələndi. Problem V.Solovyovun açıqlamasında balansı pozmasında yox, onun terrorçu Babayanı Rusiyanın federal efirinə dəvət etməsidir. Zatən Azərbaycana Solovyovun bir ermənipərəst olduğu sirr deyil. O da bəllidir ki, o, hər zaman aparıcısı olduğu proqramlarda isterika və primitiv təbliğat, kütləyə təsir metodologiyasından çıxış edərək Qarabağdakı etnik erməniləri münaqişə tərəfi göstərməklə problemin çözülmədiyi təəssüratı yaradaraq Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə kölgə salmağa çalışır.

Vətən müharibəsinin davam etdiyi o mürəkkəb vəziyyətdə, Ermənistanın işğal etdiyi əraziləri azad etmək üçün Azərbaycanın məcburi savaş apardığı bir dönəmdə yaşananlarla bağlı kənardan səslənən hər ədalətsiz və təxribat səciyyəli bəyanatlarının çox kəskin qəbul olunduğu bir vaxtda Vladimir Solovyovun “Rossiya” telekanalında yaratdığı anti-Azərbaycan isteriyası, xalqımızın ünvanına hücumlara və birbaşa təhqirlərə rəvac verməsi hələ Azərbaycan xalqının yaddaşından silinməyib.

24 iyunda Bakı ilə Moskva arasında imzalanan sənədə əsasən Azərbaycan bir də Rusiya KİV-lərində ərazi bütövlüyümüzə təhdid olacaq hər hansı bir yayıma, bəyanata imkan verilməyəcəyinə üimdlənsə də, son proseslər göstərir ki, Moskva tamaşaçı qalmaqla, qatı ermənipərəstliyi ilə seçilən Solovyovun təxribatını cəzasız qoymaqla bu hadisələrin mərkəzində məhz özünün yer aldığını növbəti dəfə nümayiş etdirmiş oldu.

 





29.06.2022    çap et  çap et