Vaxt.Az

ABŞ Özbəkistan şirkətinə sanksiya qoydu


 

“Promcomplektlogistic” Rusiyaya sanksiyalardan yayınmaqda kömək edib

ABŞ Özbəkistan şirkətinə sanksiya qoydu Amerika Birləşmiş Ştatlar Özbəkistandakı “Promcomplektlogistic” şirkətini sanksiya siyahısına daxil edib. Bu barədə məlumat ABŞ Dövlət Departamentinin saytında verilib.

Xəbər verilir ki, Rusiya Ukraynaya təcavüzə başlayandan sonra, martın 22-də ABŞ Rusiyanın müdafiə sənayesi üçün malların alınması ilə məşğul olan “Radioavtomatika” şirkətini sanksiyalar siyahısına salıb.

Məlumatda deyilir ki, Özbəkistanın “Promcomplektlogistic” şirkəti “Radioavtaomatika” şirkətinə Rusiyaya qarşı ABŞ sanksiyalarından yayınmaqda fəal dəstək verib:

““Promcomplektlogistic” özəl şirkətinin sanksiyalar siyahısına salınması bütün dünya boyunca kommersiya qurumlarına xəbərdarlıq olmalıdır: əgər siz sanksiyalar altında olan hüquqi və fiziki şəxslərlə biznes edirsinizsə özünüzü də sanksiyalarla üzləşmək riskinə atırsınız”.

ABŞ Dövlət Departamentinin qərarı ilə “Promcomplektlogistic” şirkətinin ABŞ-dakı bütün aktivləri dondurulub və Amerika şirkətlərinə bu firma ilə hər hansı biznes əlaqələri qadağan edilib.

2018-ci ildə təsis edilmiş “Promcomplektlogistic” yerüstü nəqliyyata xidmət sahəsində ixtisaslaşıb.

Bu şirkət Rusiya şirkətlərinə mikrosxemlər satmaqla məşğul olub.

Daşkənddə qeydiyyatdan keçirilmiş şirkətin yeganə sahibi Oleq Qrabilindir.

Onun Rusiyada da bir neçə şirkətləri var.

 





29.06.2022    çap et  çap et