İnanmıram ki, eyni durumda siz olsaydınız, heç nə olmamış kimi durub deyərdiniz ki, “xanım, təhqirlərinizə görə çox sağ olun. Təlimata görə, mən sizinlə istənilən halda kübar davranmalıyam. İndi zəhmət olmasa, avtobusu tərk edin, yoxsa polis çağıracam”.
Əslində, necə deyərlər, “ununda da var, urvasında da” deyərdim. Amma bu durumda katalizator o qadındır. Avtobusda o qədər adam var. Ya sürücü sükanı buraxsaydı və ya çaşıb qaza bassaydı?
Sumqayıt boyda yerdə avtobusla çox olsa 15 dəqiqə yol gedilir. Bu müddətdə adam, xüsusən də bu yaşda bir qadın, özünü bu cür aparırsa, demək ki, problem ondadır. Sürücülər gün ərzində 10-12 saat sükan arxasında olurlar və nə simalar, nə sifətlər görürlər. Daş deyillər, insandırlar. Onların da səbrinin bir həddi var.
Sürücünün işdən uzaqlaşdırılmasına da çox üzüldüm. Adam duran yerdə işindən oldu. İstənilən kişi o durumda ən yumşaq elə o reaksiyanı verərdi. Qadın olsaydı, gözlər görməsin, bilirsiz də nə olardı...
“Müştəri (sərnişin) həmişə haqlıdır” fikrini ilk dəfə kim deyibsə, barıtını çox eləyib. Xeyr, əfəndim, reallıqda elə bir dünya yoxdur. Hər kəs həddini və yerini bilməlidir. Bilməyəndə mütləq biri göstərir.
Demirəm, sürücü əcəb edib. Günahlandırmıram da. O təhqirə, o başa çanta çırpmağa edə biləcəyi tək şey üstünə hücum edəni kənara itələmək idi, onu da etdi.
Allah kimsənin yolunu mərdiməzarla kəsişdirməsin.