Vaxt.Az

«Azadlıq və işğal»


 

«Buş səkkiz il «demokratiya dərsi» keçdiyi tələbəsi Putinlə fəxr edə bilər»

«Azadlıq və işğal» «Mən çürümüş Roma imperiyasını dağıtmaq və onun xarabaları üzərində xalqların azadlıq və istiqlaliyyətinin doğacağı günü görmək ümidindəyəm. Bizim işimiz müqəddəs, haqq işidir. Bizim ölməyimizlə o məhv olmayacaq. Böyük ideyalar ancaq göstərilən fədakarlıqla, verilən qurbanlarla qalib gəlir. Şərəfli, mərd ölüm rəzalət içində yaşamaqdan, alçalmaqdan yaxşıdır. Biz ölməklə al qanımıza boyanmış azadlıq və bərabərlik bayrağını, intiqam və qalibiyyət irsini gələcək nəsillərə yadigar qoyub gedirik. Ya qalibiyyət, ya ölüm!» (Spartak)

Rusiya Gürcüstanı İraqa çevirdi. Amerikanın İraqda yapdıqlarını Kreml Gürcüstanda təkrarladı. Buş oğlu Buş səkkiz il «demokratiya dərsi» keçdiyi Putin kimi tələbəsi ilə fəxr edə bilər - sadə iraqlıların nə çəkdiyini, necə yaşadığını gürcülərə «əyani şəkildə» başa saldığı, anlatdığı üçün. Amma nə yazıq ki, «səkkizilliyi» bitirənlərə kamal attestatı deyil, sadəcə, orta təhsil haqqında şəhadətnamə verilir...

Əslində bu gün Gürcüstanda yaşananlar İraqdakı hadisələrin davamıdır; həm də Yuqoslaviyada, İraqda uduzan Rusiyanın cavab reaksiyasıdır. Dünya demokratiyası Buşun İraqda elədiklərinin altını hələ çox çəkəcək. Bir tərəfdən baxanda Putini qınamalı da deyil: axı onun nəyi Buşdan əskikdi və ya Buşun nəyi ondan artıqdı? Buş dədəsinin qisasını almaq üçün okeanın o tayından basa-basa gəlib İraqda Səddamı devirə bilirsə, Putin burnunun ucundakı Gürcüstanda nifrət elədiyi Saakaşvilini niyə də devirmək istəməsin? Uzaqbaşı Gürcüstanın kapitulyasiyasını simvolizə etmək üçün uçurtmağa heykəl tapmayacaq - o da cəhənnəmə!..

***

Neçə gündü dünya mətbuatı bunu müzakirə edir – Saakaşvili düzmü etdi? Gürcüstanın inqilabçı və dəlisov prezidenti nəyə arxalanaraq Rusiya ilə baş-başa gəldi?

Müharibənin davam etdiyi, qoşunların təmas xəttindən az qala hər dəqiqəbaşı yeni xəbərlərin gəldiyi bir vaxtda bu suallara soyuq başla cavab vermək çətindi. Bəri başdan deyək ki, Azərbaycan hökumətini Saakaşvili kimi hərəkət etmədiyinə görə nə öymək, nə də söymək fikrindəyik. Ən azı ona görə ki, Gürcüstanla Azərbaycanın beynəlxalq durumunu şərtləndirən fərqlər göz önündədir:
- Azərbaycanın bir, Gürcüstanın iki separatçı bölgəsi var;
- Azərbaycan separatçıları aşkar dəstəyi Ermənistandan, Gürcüstan separatçıları isə Rusiyadan alır;
- Sabit Azərbaycan-Rusiya münasibətləri fonunda Gürcüstan-Rusiya münasibətləri düşmənçilik həddinə çatıb;
- Gürcülərin tarixən ruslara nifrət bəslədiyi mübahisə mövzusu ola bilməz. Biz azərbaycanlılar isə kiməsə (hətta ermənilərə də) əbədiyyən nifrət edə bilmirik – indi dəbdə olan sözlə desək, həddən artıq tolerantıq...

Mövzudan uzaqlaşmayaq - Saakaşvilidən danışırdıq axı. Gürcüstan prezidentinin doğru hərəkət etmədiyini düşünənlərin fikrinə hörmət edərək öz mövqeyimizi də açıqlamaq zorundayıq: adam xalq tərəfindən seçilmiş prezident kimi gərəkəni yapdı, ölkəsinin ərazi bütövlüyünü bərpa etmək üçün sonuncu vasitədən belə istifadə etməkdən çəkinmədiyini ortaya qoydu. Həm də bununla XXI əsrdə Qafqazda rus imperializminə qarşı mübarizənin əsasını qoydu. O artıq başqa söhbətin mövzusudur ki, qüvvələr nisbətini düzgün hesablaya bilmədi, bu da xarabazara çevrilən Gürcüstanı ən azı 20-30 il geri saldı.

Bəs Saakaşvili nəyə arxalanaraq belə etdi? Bu suala da birmənalı cavab vermək çətindi. Amma ilkin ehtimallar ortaya üç səbəb qoyur:
- Gürcüstan prezidentinin ağlı Acarıstana getdi;
- Saakaşvili ya Amerikaya arxalanaraq, ya da ABŞ-dan dəstək vədi alaraq bu addımı atdı;
- Rusiyanın XXI əsrdə müharibəni Gürcüstanın içərilərinə daşıyacağını, münaqişə zonasına dəxli olmayan bölgələri bombalayacağını və işğal edəcəyini ağlına gətirmədi.

***

Saakaşvilinin səhv edib-etməməsindən asılı olmayaraq, Rusiyanın Gürcüstanda törətdiklərinin bir adı var – İŞĞAL. Başqa ölkənin ərazisinə hərbi qüvvə yeritmək bir yana, bunun adını həyasızlıqla «sülhə məcbur etmə əməliyyatı» qoymaq o biri yana, qarşı tərəfin atəşkəs çağırışına məhəl qoymamağın, münaqişə bölgəsinə dəxli olmayan şəhərləri, kəndləri bombalamağın, yüzlərlə günahsız insanın ölümünə, on minlərlə insanın evsiz-eşiksiz qalmasına, körpələrin yetim qoyulmasına səbəb olmağın adı nə? Putinin, Medvedevin və onların hər ikisinin - Putvedevin əziz canına and olsun ki, bunun bir adı var - İŞĞAL.

Rusiyanın üzgüçülüyə meylli prezidenti Dmitri Medvedev Saakaşvilinin telefon zənglərinə cavab vermir. Görünür, hesab edir ki, hər gün hovuzda o baş-bu başa üzməklə üzərindəki bu qanı təmizləyə biləcək. Onun BMT-dəki səfiri Vitali Çurkin isə iddia edir ki, heç bir «priliçni» şəxs Saakaşvilinin telefon zənglərinə cavab verməz. Adamdan soruşan da yoxdu ki, axı qarşınızdakı Dudayev, Məshədov kimi tanınmamış respublikaların prezidenti deyil ki, adını asanlıqla terrorçu qoyasınız? Kimdir Sizin «priliçni» hesab edib zənglərinə cavab verdikləriniz - Kadırov, Kokoyta, Baqapş kimi «Yalıncıq»larmı?

Heç Kremldən də soruşmurlar ki, bu xalqlar Səni niyə istəmir və sən onlara nə vaxtadək öz qulun kimi baxacaqsan?

Bir türk ilahisində deyilir ki,

Biz Allahın qullarıyız,Qullarına qul olmayız...

P.S. Siz heç bombardmanın nə olduğunu bilirsinizmi? Mən artıq bilirəm - dünən axşam yuxuda beş yaşlı oğlumu uçqunların altından çıxarırdım. Təki həmişə yuxu olsun bu!

(Avqust, 2008)

 





17.03.2014    çap et  çap et