Məlumata görə, sərhədçilər arasında meydana gələn qarşıdurma zamanı iki İran hərbçisi Taliban hökuməti tərəfindən girov götürülüb.
“Hirmənd şəhərinin mühafizə zonasında baş verən sərhəd toqquşmaları və Səyyadinin öldürülməsindən sonra Əfqanıstanın sosial mediasında Taliban qüvvələrinin İran sərhədçiləri ilə qarşıdurmasına dair xəbərlər yayılıb. Məsələnin detalları və hücum edənlərin şəxsiyyəti hazırda araşdırılır”, – deyə Hirmənd şəhərinin başçısı mediaya verdiyi açıqlamada bildirib.
İran mediası məsələ ilə bağlı yaydığı xəbərdə Əfqanıstan hökumətini nankorluqda ittiham edib və İranın zəlzələdən xəsarət alanlara yardımlarını önə çəkib.
Bununla yanaşı İran daxili işlər nazirinin təhlükəsizlik və hüquq-mühafizə işləri üzrə müavini Seyid Məcid Mirəhmədi iyulun 1-dən etibarən bir sıra əfqanıstanlı qaçqınların ölkədən çıxarılacağını bildirib.
Qeyd edək ki, son aylar İran-Əfqanıstan arasında gərginlik şiddətlənib və hər iki ölkə sərhəddə ağır texnika və canlı qüvvə toplamaqda davam edir.
Bir müddət öncə sərhəddə baş verən qarşıdurma zamanı Taliban qüvvələri İran İnqilab Keşikçiləri Korpusunun 5 hərbçisini əsir götürmüşdülər.
Bundan sonra Taliban hökumətinin Müdafiə Naziri Molla Məhəmməd Yaqub qonşu ölkələrə xəbərdarlıq edərək onların Əfqanıstan sərhədlərinə müdaxilə etmələrini, bu ölkənin torpağında nüfuz etməyə çalışmalarına dözməyəcəklərini bildirib.