Vaxt.Az

Avropada Suriya müharibəsi


 

Rusiya Ukraynada çıxa bilməyəcəyi pusquya düşdü

Avropada Suriya müharibəsi Geosiyasi proseslər fonunda diqqətlər İspaniyanın paytaxtı Madridə yönəlib. NATO Sammiti öz işinə başladı. İclasda alyans ölkələrinin dövlət və hökumət rəhbərləri iştirak edirlər.

NATO Zirvəsini önəmli edən məqamlardan biri Ukrayna müharibəsi fonunda siyasi məsələlərin masaya yatırılmasıdır. Artıq NATO Sammitində qurumun yeni strateji konsepsiyası qəbul olundu. İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin narahatlığının aradan qalxması və üç ölkə arasında razılıq memorandumunun imzalanması alyans qoşunlarının Rusiya sərhədlərinə kimi gəlib çıxması demək olacaq. Türkiyənin şərtlərinin təmin edilməsi ilə bağlı öhdəlik götürən İsveç və Finlandiya üçün Ankara NATO-ya doğru yaşıl işıq yandırdı.

Bütün bu hadisələr fonunda NATO Zirvə Sammitində xüsusilə ön planda olacaq məsələ şübhəsiz ki, Ukraynaya dəstək məsələsidir. Kollektiv Qərb, ABŞ çox yaxşı fərqindədir ki, Ukraynaya indiki məqamda dəstək olduqca önəmlidir. Sadəcə lazımı hərbi dəstəyi göstərməklə Qərb uzun illərdir necə zəiflətməyi düşündüyü Rusiyanın taleyini böyük mənada müəyyənləşdirəcəyini yaxşı bilir.

Belçikanın Baş naziri Aleksandr De Kroonun NATO sammitinə gələrkən dediyi sözlərə diqqət yetirsək ("NATO Ukrayna Prezidenti Volodimir Zelenskiyə bildirib ki, Ukraynadakı münaqişə yalnız hərbi yolla həll edilməlidir və alyans bunun üçün Kiyevə kömək etməyə davam edəcək" – red.), görə bilərik ki, alyans artıq Rusiya-Ukrayna müharibəsi ilə bağlı qərarını da verib. Bu isə NATO-nun dolayısı ilə müharibə tərəflərindən biri olması anlamına gəlir.

NATO-nun gələn ilə qədər 40 minlik Çevik Reaksiya Qüvvələrinin sayını 300 minə çatdırılması planı da Rusiya üçün yaxşı heç nə vəd etmir. Rusiyanın burnunun ucunda alyansın bu qüvvələrin sayını birdən-birə 8 dəfə artırılması Kreml üçün ciddi siqnal ola bilər.

Bu gün müharibənin 127-ci günüdür, amma hələ də Avropanın şərqində vəziyyət gərgin olaraq qalır. NATO Zirvə Sammiti ərəfəsində Rusiya qüvvələrinin Kremençukdakı ticarət mərkəzini raketlə vurması (18 nəfər dinc sakin öldü, 59 şəxs ağır xəsarətlər aldı. Hadisə ilə bağlı 3 günlük matəm elan olundu – red.) heç də adi savaş qaydalarına əsasən verilən qərara bənzəmədi.

Əslində G-7 və NATO Sammiti ərəfəsində Rusiyanın Ukraynanın şərqindəki döyüşlərdə daha sərt davranması, daha aktiv şəkildə Ukrayna şəhərlərini, önəmli obyektləri bombalaması bu tədbirlərdə qəbul olunacaq qərarlara bir hazırlıq idi deyə bilərik.

Nəzər yetirsək görərik ki, G-7 Sammiti başlayan gün Ukraynanın paytaxtı Kiyev və oradakı mülki obyektlər atəşə tutuldu. Müharibənin geridə qaldığı 125 gündə ilk dəfə idi ki, Kiyevin mərkəzinə bu qədər aktiv, aramsız zərbələr endirilirdi. Bu, əslində bir siqnal idi ki, Rusiyanın təklif etdiyi "Ukraynanı məcburetmə" planı işə düşsün. Amma Rusiyanın bu planı da işə yaramadı.

Bununla da Rusiya Kiyevi raket zərbələrinə məruz qoymaqla Ukraynanı bu önəmli qlobal miqyaslı tədbirlər ərəfəsində məcburetmə planına uyğun olaraq ağ bayraq qaldırsın. Lakin Ukrayna bu təzyiqə də təmkin nümayiş etdirməkə əslində Qərbə lazım olan müddəti verdi ki, yeni strateji konsepsiyanı, xüsusilə də Ukraynaya dəstək məsələsində önəmli qərarlar qəbul etsinlər.

Amma müharibənin gedişi də dəfələrlə göstərdi ki, Qərbə, Avropa Birliyinə və ABŞ-a Ukraynaya dəstək, yardım məsələsi sırf öz strateji maraqları çərçivəsində edilə bilər. Xüsusilə bu son zamanlarda Ukrayna həlledici məqamlarda ən çox nəyə ehtiyacı var məsələsi ilə bağlı dəfələrlə istər ABŞ-a, istərsə də Avropa Birliyi rəsmilərinə elan etsə də, məhz bu strateji məqamlarda adı çəkilən qüvvələrin geri çəkildiyinin də şahidi olduq, Ukraynaya həmin yardımlar o məqamda göstərilməyib.

Daha irəli gedərək qeyd edə bilərik ki, Amerika Konqresinin Ukraynaya qəbul etdiyi hərbi texniki yardım da artıq dayandırılıb. Bu qərar belə izah olundu ki, sən demə, bu hərbi texnika rusların əlinə keçə bilərmiş və beləcə, ABŞ hərbi sənayesinin yeni texnikalarının Rusiyanın əlinə keçmə ehtimalı Ukraynaya dəstəyin dayandırılmasına səbəb olub.

Nə qədər ciddi əsas olduğunu deyə bilməsək də, bir şey dəqiq anlaşılır ki, Qərbə, ABŞ-a Ukraynadakı savaş öz maraqlarını təmin etmək üçün lazımdır və müəyyən yerə qədər əhəmiyyətlidir. Onlara Ukraynanın bu müharibədən qalib çıxıb-çıxmamasından daha vacib olanı savaşın xeyli müddət davam etməsi nəticəsində Rusiya hərbi potensialının gücdən düşməsi, zəifləməsi, üstəlik növbəti savaşlar üçün Kremlin taqətinin qalmamasıdır. Bu nöqteyi nəzərdən NATO-nun sərhədlərinin genişlənməsi Qərb və ABŞ-a hava-su kimi önəmli idi ki, buna da İsveç və Finlandiya timsalında nail olmaq istiqamətində çox vacib həmlə etdiklərinin şahidi olduq.

Aydındır ki, NATO bu müharibəyə girmək istəmir. Baş verən bu sadalanan məsələlərə nəzər salsaq, prosesləri incələdikdə belə nəticə çıxır ki, NATO-nun texmniki imkanları və alyansın üzv ölkələrinin müdafiəsi istiqamətində Ukraynaya nə dəstək mümkün idisə, onların hamısı edilib.

Ən təhlükəsi isə budur ki, müharibənin ilk günlərində Rusiyanın üzərinə aktiv şəkildə gələn beynəlxalq ictimaiyyət üçün bu savaş uzandıqca informasiya aktuallığını itirir və artıq buna hər kəs alışır, hamı sadəcə bilir ki, belə bir müharibə gedir. Bu isə təxminən Suriyanın prototipi kimi bir prosesə çevrilir. Çünki Suriyada uzun illərdir bu müharibə gedir və hamı da bunu artıq belə, adi qəbul edir.

İkinci Suriya taleyinin təkrarlandığı bir Ukrayna ilə qarşı-qarşıyayıq düşünsək, o zaman bu savaşın belə asanlıqla yekunlaşacağı heç də inandırıcı deyil. O da istisna edilə bilməz ki, müharibə tərəflərinə dəstək verən dövlətlərin müharibənin müddətinin qeyri-müəyyən zamana kimi uzanacağı təqdirdə gələcəkdə mövqe dəyişikliyi edəcəklər.

 





30.06.2022    çap et  çap et