Qoşulmama Hərəkatına (QH) sədrliyi həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında çıxışı zamanı deyib.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi 2021-ci ilin noyabrında Madriddə Parlamentlərarası İttifaqın 143-cü assambleyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə təsis edilib. Bakı konfransı QH Parlament Şəbəkəsinin fəaliyyətə başlaması üçün müvafiq addımların atılması məqsədilə çağırılıb. Konfransda QH üzvü olan 40-dan çox ölkənin parlamentləri və 8 beynəlxalq parlament təşkilatı təmsil olunur.
Qoşulmama Hərəkatında həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın təşəbbüsünü dəstəklədiyinə görə üzv dövlətlərə minnətdarlığını bildirən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Növbəti ay Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcək: “Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır... Hesab edirəm ki, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Ölkəmiz QH-yə 2011-ci ildə daxil olub və fəaliyyətinin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və “Bandunq prinsipləri”nin təşviqinə töhfə verməyə çalışıb.
Xatırladaq ki, “Bandunq prinsipləri” – dövlətlərin dinc yanaşı yaşaması və beynəlxalq münasibətlərin on əsas prinsipi 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən beynəlxalq konfransda (Asiya və Afrika ölkələrinin iştirakı ilə) qəbul edilib. 1961-ci ildə əsası qoyulan Qoşulmama Hərəkatı (hazırda 120 ölkəni birləşdirir) “Bandunq prinsipləri”ni fəaliyyətində rəhbər tutur.
“Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə – bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı” deyən İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan fəaliyyətimizin ilk günlərindən Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunub: “Hesab edirəm ki, Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin də əsas səbəbi bu idi. 120 ölkənin bu möhtəşəm yekdil dəstəyi 2016-cı ildə nümayiş etdirildi və 2019-cu ildə Bakıda biz Qoşulmama Hərəkatının Zirvə toplantısını müvəffəqiyyətlə keçirdik və 2019-2022-ci ilə qədər sədrliyi üzərimizə götürdük. Qoşulmama Hərəkatına sədrliyimizin yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılmasını ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlaməti kimi qəbul edirik. Biz buna görə sizə çox minnətdarıq, sizin dəstəyinizi doğrultmaq və bunun düzgün seçim olduğunu nümayiş etdirmək üçün əlimizdən gələni edəcəyik”.
Prezident qeyd edib ki, 2020-ci ildə Azərbaycan Ermənistan tərəfindən otuz ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərkən Qoşulmama Hərəkatı ölkəmizə BMT müstəvisində mühüm dəstək nümayiş etdirdi: “Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələr bizə qarşı kampaniyaya – qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar. Təəssüflər olsun ki, bu, sadəcə, şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizə BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq”.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi: “Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Ermənipərəst qüvvələr nə qədər də bunu görməzdən gəlməyə çalışsalar da, buna müvəffəq ola bilmirlər. Çünki artıq, minlərlə, bəlkə on minlərlə insan, o cümlədən xarici qonaqlar, siyasətçilər, parlament sədrləri və üzvləri, jurnalistlər, ekspertlər və sıravi insanlar azad edilmiş ərazilərə səfər ediblər”.
“Biz bu münaqişəyə son qoyduq, ədalət və beynəlxalq hüququ bərpa etdik” deyən Prezident İlham Əliyev bildirib ki, biz uzun illər, təqribən 30 il ərzində bunu gözləyirdik: “Gözləyirdik ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni, işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi”.
Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupu ilə bağlı spekulyasiyaların aparıldığını bildirən dövlət başçısı vurğulayıb ki, biz Minsk qrupuna artıq əlvida demişik. O, artıq ölüb. Bundan sonra ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.
BMT qətnamələrinin siyasi üstünlük əsasında icrasına son qoyulmalıdır
Prezident qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması idi: “1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmir. Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır? Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi, həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı. Bu, BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirir. Çünki qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var. Biz islahatların tərəfdarıyıq və hesab edirəm ki, bu, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır”.
Prezident İlham Əliyev bildirib ki, Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik və bunu daha səmərəli edə bilərik. Biz məhz bunun tərəfdarıyıq: “Beləliklə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onun təşkilata çevrilməsinə yönəlib. Hesab edirəm ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan olaraq biz bunu görmək arzusundayıq və ümid edirəm ki, bizim hörmətli qonaqlarımız, Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentlərinin nümayəndələri bu işə töhfə verəcək və əlbəttə ki, mən də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları ilə məsləhətləşmələrimi davam etdirəcəyəm...”.
***
Sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək konfransın gündəliyi barədə məlumat verib. Bildirib ki, Bakı konfransının daha bir əlamətdar xüsusiyyəti ondan ibarətdir ki, o, iyunun 30-na – Beynəlxalq Parlamentarizm Gününə təsadüf edir.
Parlament diplomatiyasından danışan Sahibə Qafarova hazırkı beynəlxalq mürəkkəbliklər kontekstində, çoxtərəflilik və beynəlxalq əməkdaşlığın indi hər zamankından daha vacib olduğu bir vaxtda bu diplomatiyanın böyük əhəmiyyət kəsb etdiyini deyib.
Konfransda birinci iş günündə “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin iş qaydalarına dair Nizamnamə” qəbul edilib, təşkilatın loqosu və bayrağı təsdiq olunub, sədr və sədr müavinləri seçilib.
Konfrans iyulun 1-də işini davam etdirəcək. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə də tanış olacaqlar.