Ermənistan KİV-lərinin verdiyi məlumata görə, separatçıların toplantısında “Laçın dəhlizi” əsas müzakirə mövzusu olub. Arayik Arutyunyan bildirib ki, Xankəndini Ermənistanla birləşdirəcək “Laçın dəhlizi”nə çəkilən alternativ yolun istifadəyə verilməsilə ermənilər Laçın şəhərini tərk edəcəklər.
O, Laçının Sus və Zabux kəndlərində məskunlaşan ermənilərlə bağlı vəziyyətin də yaxşı olmadığını vurğulayıb.
“Hər şeyə baxmayaraq, biz Laçından yan keçməliyik. Biz heç kimə deməmişik ki, Laçından çıxın, amma mən hesab edirəm ki, soydaşlarımız çətin ki, Laçında qalıb yaşamağa davam etsin”.
O, Laçının Zabux kəndində qanunsuz məskunlaşan ermənilərlə bağlı Rusiya tərəfilə danışıqlar aparıldığını da qeyd edib.
Yeni yoldan danışan Arutyunyan “gələcək təhlükəsizlik məsələlərinə əsaslanaraq, fikrimizcə, ən yaxşı variantı seçdik. Burada açmaq istəmədiyim sirlər var” deyib.
Separatçıların suallarını cavablandıran A.Arutyunyan erməniləri satqınlıqda da ittiham edib: “Təəssüflər olsun ki, ətrafımızda elə bir xain şəbəkə var ki, azərbaycanlılar hətta mənim kabinetdən çıxıb “parlamentə” nə vaxt gəldiyimi bilirlər”.
Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ bölgəsindən Ermənistana gedən, Laçın şəhərindən yan keçən yeni yolun 2022-ci ilin sonunadək istifadəyə veriləcəyini bəyan edib.
32 kilometrlik yeni yola Rusiya sülhməramlıları nəzarət edəcək.
Qarabağ bölgəsindən Ermənistana gedən, Laçın şəhərindən yan keçən yeni yol istifadəyə veriləndən sonra Laçın şəhəri və rayonun hazırda rusların nəzarətində qalmış kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq.
Söhbət “Laçın dəhlizi” adlandırılan 5 kilometr enindəki zolaqda yerləşən Laçın şəhəri və rayonun 6 kəndi – Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabuxdan gedir. (Modern.az)