Vaxt.Az

235 il sürən bütöv Azərbaycanın qurucusu


 

Yaxud Babək və Nəsimi irsinin sahibi-Şah İsmayıl Səfəvi

235 il sürən bütöv Azərbaycanın qurucusu Babəkin ərəb istilasına qarşı başlatdığı azadlıq müharibəsi ilə əsası qoyulan, Nəsimi ilə yenidən canlanan Azərbaycan xalqının vahid etnos kimi formalaşması prosesində müstəsna rol oynayan üçüncü tarixi şəxsiyyət Şah İsmayıl Səfəvidir. Böyük şahın qurduğu Səfəvilər Dövləti də heç şübhəsiz ki, Azərbaycan xalqının üç minillik tarixində ən böyük hadisədir.

Səfəvilər Dövləti vahid etnosun formalaşmasını təmin edən bütün zəruri şərtləri malik idi. Bu şərtlər çoxsaylı olsa da, onların arasında həlledici əhəmiyyətə malik olanların ən önəmliləri mərkəzləşmiş vahid dövlətin  yaranması və 235 il ərzində mövcud olması, türk dilinin dövlət dilinə çevrilməsi və birləşdirici vahid dini-siyasi cərəyanın mövcud olmasını qeyd edə bilərik.  

Mərkəzləşdirilmiş dövlətin yaranması və 235 il ərzində mövcud olması ilə Dərbənddən Həmədana, Göyçə gölündən Xəzər dənizinədək uzanan coğrafiyada yaşayan çoxsaylı türk tayfalarının pərakəndəliyi başa çatdı və sabit tarixi birlik təmin edildi. Səfəvi Dövlətinin yaranması türk tayfalarının bu coğrafiyada daha köklü yerləşməsini və möhkəmlənməsini təmin etdi. Dövlətin idarə olunması və təhlükəsizliyinin təmin olunması üçün türk tayfalarının ölkənin hüdudları daxilində müxtəlif ərazilərə yerləşdirilməsi, idarə etmənin onlara həvalə edilməsi çox böyük tarixi əhəmiyyətli hadisəyə çevrilərək vahid etnosun formalaşmasına müstəsna təsir etdi. Bu prosesin əsası görkəmli sərkərdə və dövlət  xadimi Şah İsmayıl Səfəvinin hakimiyyəti zamanı qoyulsa da, I Şah Təhmasib, II Şah İsmayıl və Məhəmməd Xudabəndənin hakimiyyətləri illərində də davam etdirildiyi üçün şamlı, ustaclı, təkəli, türkman, qacar, bayat, əfşar, zülqədər və digər türk tayfalarının bu coğrafiyada üstünlüyü və hakimiyyəti tam təmin edildi. I Şah Abbas Mazandaran və Fars bölgələrində dövlətin dayaqlarını türk etnoslarının hesabına möhkəmləndirmək üçün Qarabağdan və Azərbaycanın digər ərazilərindən türk tayfalarının bir hissəsini həmin ərailərə köçürməsi isə vahid etnosun formalaşması ilə yanaşı çox geniş bir coğrafiyanın Azərbaycan türklərinin vətəninə çevrilməsinə səbəb olmuşdur. 

Səfəvi Dövlətinin qurucularının özlərinin etnik mənşəyi, türk kimlikləri ilə açıq-aşkar qürur duymaları, bütün tarix boyu ilk dəfə dövlət idarəçiliyindən digər xalqların kənarlaşdırılması və dövləti idarəçiliyində türk tayfalarının söz sahibi olması Dərbənddən Həmədana, Göyçə gölündən Xəzər dənizinədək uzanan coğrafiyada yaşayan çoxsaylı türk tayfaların birliyini siyasi faktora çevirərək vahid etnos kimi formaşmasını təmin edən önəmli faktor olmuşdur. Bu baxımından Səfəvi Dövlətində yüksək mövqeli mülki, dini və hərbi vəzifələrə yalnız türklərin təyin edilməsi böyük tarixi əhəmiyyətə malik hadisə idi. 

Şah İsmayıl Səfəvinin doğma dilini, türk dilini dövlətin rəsmi yazışma dilinə çevirməsi, zadəganlar arasında təşviq etməsi və fars dilini sıxışdırması doğma türkcəni Dərbənddən Həmədana, Göyçə gölünün şimalından Xəzər dənizinədək uzanan coğrafiyada türk dilinin ən işlək dilə çevirdi. Şah İsmayılın Xətai təxəllüsü ilə doğma türk dilində şeirlər yazması, türk dilində yazan şairləri himayə etməsi ədəbiyyat dilinin fars dili olması haqqında əsrlərlə mövcud olan yanlış düşüncələri dağıtdı. Məhz Şah İsmayılın dövlət işlərində və cəmiyyət həyatında türk dilinin rolunu önə çəkməyi özünün siyasi maraqlarından birinə çevrilməsinin nəticəsi olaraq doğma dilimiz hakim dilə çevrildi və xalqımızın mədəni intibahının yolunu açdı.  

 Səfəvilər Dövlətin paytaxtı kimi türklərin əsas şəhəri olan Təbrizin seçilməsi bu dövlətin tarixi-siyasi mahiyyətini artırmaqla yanaşı Azərbaycan xalqının vahid etnos kimi formalaşmasına çox mühüm təsir edən siyasi faktor olmuşdur. Heç şübhəsiz ki, Təbrizin əvəzinə Tehran və ya başqa bir şəhər paytaxt seçilsəydi Səfəvilər Dövlətinin Azərbaycan xalqının vahid etnos kimi formalaşmasındakı rolu tam ola bilməzdi. Bir xalqın formalaşmasında vahid siyasi, iqtisadi və mədəni paytaxtın mövcudluğu çox önəmli faktorlardan biridir. Vahid etnos kimi formalaşan toplumların tarixində bu faktorun rolunu aydın görmək olar. Azərbaycan xalqını formalaşdıran türk tayfaları tarixin səhnəsinə çıxdığı andan Təbriz şəhəri onların həyatında önəmli faktora çevrilərək mayak rolunu oynamışdır. 

Şah İsmayıla, Səfəvilər Dövlətinə qarşı qərəzli tənqidlərin əsasında İslamın şiə məzhəbini dövlətin dini olaraq seçməsi göstərilir. Halbuki, İslamın şiə məzhəbinin hakim din olaraq qəbul edilməsinin Azərbaycan xalqının vahid etnos kimi formalaşmasında oynadığı rol Xristianlığın Pravoslav məzhəbinin rusların vahid etnos kimi formalaşmasında oynadığı rol qədər önəmli olmuşdur. Əlbəttə, İslamın şiə məzhəbinin hakim dini siyasət kimi seçilməsi bu günün sosial şərtlərindən baxdıqda müəyyən qədər mübahisəli görünə bilər. Lakin bu məqam prosesin önəminə kölgə sala bilməz. Eyni zamanda unutmaq lazım deyil ki, Azərbaycanda İslam dinin yayılmasından sonra yaranan çox saylı təriqətlər kimi həm də siyasi mahiyyət daşıyan şiəlik də həm ərəbləşməyə qarşı yönələrək vahid etnos kimi formalaşmaqda olan toplumu İslam Xilafətinin dini-siyasi və mədəni təsirlərindən qorunmağa xidmət edirdi. Əgər belə olmasaydı Səfəvilər Dövlətinin yaranması o zaman Azərbaycanda mövcud olan digər dini-siyasi cərəyanların dəstəyini qazana bilməzdi. Onu da unutmaq olmaz ki, şiəlik İslam dinin məzhəblərindən biri olsa da Azərbaycan xalqının min illərdən gələn dini dünyagörüşünün elementlərini, o cümlədən də hülul etiqadının təsirlərini daşıyırdı 

Səfəvilər Dövlətinin süqutundan sonra tarix səhnəsinə çıxan Əfşarlar Dövləti Şərqin sonuncu fatehi Nadir şahın qətlə yetirilməsindən sonra dağılmağa başladı. Qüdrətli Azərbaycan dövləti çoxsaylı xanlıqlara bölündü və daha sonra iki böyük imperiya tərəfindən işğal olundu.

Ancaq Səfəvilər Dövləti Azərbaycan xalqının vahid etnos kimi formalaşması prosesini o qədər dərinləşdirmişdi ki, faciəvi hadisələr belə Azərbaycan xalqının vahid etnos kimi bütövlüyünü poza bilmədi.

 





04.07.2022    çap et  çap et