Rusiya prezidenti Vladimir Putin həftəsonu müxtəlif tərkibdə və formatda bir neçə görüş keçirib. Amma əsas etibarilə bu həftəsonu Putinin gündəmi Özbəkistanda etirazlarla bağlı gərgin vəziyyət olub. Belə ki, Özbəkistanda baş verənlərə həsr olunmuş görüşlərdə Putin və yoldaşları Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Rusiyaya kömək üçün müraciət etməsi imkanını müzakirə ediblər. KTMT-nin bəzən hələ də Daşkənd müqaviləsi təşkilatı adlandırılmasına baxmayaraq, Özbəkistan bu təşkilat üzvü deyil, üzvlüyünü çoxdan dayandırıb. Putin görüşlərin birində Özbəkistana KTMT-yə üzvlüyün dərhal bərpası ilə bağlı mümkün təklif məsələsini qaldırıb, lakin həm Putin, həm də iclas iştirakçıları yekdil fikrə gəliblər ki, Rusiya Federasiyasının Silahlı Qüvvələrindən istifadə etməklə Özbəkistan rəhbərliyinə effektiv dəstək vermək mümkün olmayacaq. Ona görə də bu təşəbbüsdən imtina etmək qərara alınıb. Bütün döyüşə hazır qoşunlar Ukraynadakı müharibəyə cəlb olunub və KTMT müttəfiqləri yalnız mənəvi baxımdan real dəstək verə bilərlər. Özbəkistanın dərhal KTMT-yə bərpası və Özbəkistan rəhbərliyinin kömək istəməsi halında Özbəkistana on beş minə yaxın Belarus qoşununun göndərilməsinin mümkünlüyü müzakirə edilib. Lakin belə bir ehtimala sadəcə eyham vurulmasından Lukaşenko təşvişə düşüb, qəti surətdə imtina etməyə tələsib və hətta qoşunların ölkədən çıxarılmaması naminə ertəsi gün açıq şəkildə özünü Ukraynadakı münaqişənin tərəfi kimi elan edib.
Özbəkistan prezidentinin ölkəsindəki iğtişaşların xaricdən idarə olunması ilə bağlı çıxış etdiyi barədə məlumat verildikdə Putin bunu Özbəkistan rəhbərliyinin yardım istəməsi kimi qiymətləndirib və təcili iclas çağırıb. Görüşlərin nəticəsi olaraq Xarici İşlər Nazirliyi vasitəsilə Özbəkistan tərəfinə kömək istəməyin arzuolunmaz olduğunu yumşaq, lakin israrla çatdırmaq barədə göstəriş verilib. Prinsipcə, bazar günü səhər Özbəkistanda vəziyyət bir qədər sakitləşib və Putin hətta görüşü “görünür, keçdi” sözləri ilə yekunlaşdırıb. Amma nə olursa-olsun, artıq şənbə gecəsi Putin Özbəkistanın kömək istəyəcəyi təqdirdə, bunun daxili münaqişə olması və kənar təsirin olmaması səbəbindən yardım göstərməkdən imtina etmək qərarına gəlib. Talibanın Tacikistan ərazisindəki iddiaları ilə bağlı problemi Putin KTMT-ni faktiki olaraq xilas edən beş milyard dollar ödəməklə yenicə həll etdiyi indiki dönəmdə yeni problem – Özbəkistan hadisələri meydana çıxıb. Beləliklə, daha heç bir halda səxavət nümayiş etdirmək yeri deyil. Vladimir Putin Özbəkistanın KTMT-yə bərpası imkanlarını müzakirə edərkən şəxsən belə də deyib: “KTMT oyuncaq bir qurumdur, ondan ikiəlli yapışmayacağıq. Kim müdafiə olunmaq istəyirsə, Rusiyanın tərkibinə qoşulmaq üçün qapılar açıqdır”.