BMT agentlikləri Rusiyanın işğalı fonunda ukraynalılara yardım göstərməyə çalışır, lakin onlar deyirlər ki, Rusiyanın hava hücumları və artilleriya atəşi nəticəsində dağıntılar, üstəlik təhlükəsizlik problemləri bəzi bölgələrə çatdırılmanı çətinləşdirir.
Onlar deyir ki, Rusiyanın hava hücumları nəticəsində dağıntılar altında qalan Xerson və Mariupol şəhərlərinə yardım ləvazimatları çatdırmaq mümkün deyil.
Kiyevdən danışan BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Osnat Lubrani təqribən 10 000 mülki şəxsin öldüyünü və yaralandığını deyib. O əlavə edib ki, bu, yəqin ki, həqiqi rəqəmin kiçik bir hissəsidir. Onun sözlərinə görə, Ukraynada 16 milyona yaxın insan humanitar yardıma və müdafiəyə ehtiyac duyur.
Lubrani deyib ki, BMT və özəl yardım agentlikləri Ukraynanın hər bölgəsində 9 milyona yaxın insana yardım edib. O əlavə edib ki, 2 milyona yaxın insan əsas ehtiyaclar üçün pul yardımı alıb.
Ukrayna böhranı qlobal təsirə malikdir.
Rusiya gəmiləri Ukraynanın Qara dəniz limanlarını mühasirəyə alaraq, ölkənin buğda və taxılını Yaxın Şərq, Şimali Afrika və Asiyanın bəzi hissələrinə ixrac etməsinə mane olur.
Birləşmiş Millətlər Təşkilatı bunun qlobal aclıq böhranına səbəb olduğu barədə xəbərdarlıq edir.
Ukrayna dünyanın çörək səbətlərindən biri hesab olunur. O, qlobal buğda ixracının təxminən 10 faizini və dünya günəbaxan yağının təxminən yarısını təmin edir.
Ümumdünya Ərzaq Proqramı bildirir ki, Ukrayna müharibədən bir ay əvvəl 6 milyon tona qədər taxıl ixrac edib. Bildirilir ki, ötən il dünya üzrə təxminən 400 milyon insan Ukrayna məhsullarından istifadə edib. İxracın böyük ölçüdə dayandığına görə, ÜƏP Ukraynada təxminən 20 milyon ton taxılın anbarda ilişib qaldığını bildirir.