APA-nın məlumatına görə, bu sözləri bu gün Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Konqres Bürosunun (Azerbaijan Convention Bureau) təqdimat mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib. Nazir yaradılan konqresin mahiyyətindən danışıb: “Bu qurum Azərbaycanda yeni çox vacib bir qurum olacaq. Son illər Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərin çoxaldığı bir vaxta otel şəbəkəsinin və ümumiyyətlə turizm infrastrukturun inkişafı üçün əlimizdən gələni etməliyik. Bu səpkidə tədbirlərin keçirildiyi vaxtlarda dövlət səviyyəsində narahatlıq keçirirdik ki, qonaqların qarşılanması onların yerləşdirilməsi necə olacaq. Bu cür konsepsiyanın hazırlanması artıq beynəlxalq tədbirlərə ürəklə sahiblik edə biləcəyimizə bizdə əminlik yaradır. Bu konqres sahəsində bütün bu proseslər vahid bir idarə sistemi altında həyata keçiriləcək. İlk dəfə olaraq Azərbaycanda beynəlxalq səviyyədə otel şəbəkələrinin qurucuları buradadır və bu konqresin yaradılmasında bizə yaxından xidmət göstərəcəklər”. Ə.Qarayev son il ərzində Azərbaycana gələn turistlərin sayında da artım olduğunu deyib: “Son üç ayın hesablamalarına görə, Azərbaycanda turizm sahəsində gəlirlər 11 faiz artıb. Bu Ümumdünya Turizm Təşkilatının hesablamasına görə 4 faizdir ki, bu da ölkəmiz üçün yüksək nəticə hesab olunur”
Tədbirdə BMÜTT-nin Avropa regionları üzrə direktoru İzabel Qaranya, Avropa ölkələrində otel şəbəkələrinin prezidentləri çıxış edib.
Tədbirin sonunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə bir sıra brend mehmanxanaların və turizm şirkətlərinin rəhbərləri arasında büronun yaradılması barədə niyyət protokolu imzalanıb.