Vaxt.Az

Əlillik verilməsi niyə uzanır?


 

Qazi özünü niyə təhsil, vergilər və polis idarələrinin deyil, icra hakimiyyəti qarşısında yandırıb?

Əlillik verilməsi niyə uzanır? Şəmkir rayonu Yeni Həyat kənd sakini, 1996-cı il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı, İlham Həsənov, Şəmkir rayon İcra Hakimiyyəti binası qarşısında intihar məqsədi ilə özünə od vurub.

Məlumata görə, intihar cəhdinin qarşısı alınıb, alov söndürülüb. Yanıq xəsarətlərini almış qazi  xəstəxanaya yerləşdirilib. Qazinin narazılığının səbəbi müharibədə aldığı qəlpə yarasının bir  müalicə effekti və əlillik dərəcəsinin verilməməsidir. Rayon İH-nin məlumatına görə qazi psixiatrik xəstəxanada da müalicə olunub.

İ. Həsənov mərmi partlayışında kontuziya alıb. “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Və burada müəyyən suallar yaranır.

Qazi niyə intihar etsin? Narazılıq əlillik dərəcəsi ilə bağlıdırsa, bu, il yarımdan çoxdur müharibə bitdiyi dövrdə ona əlillik verilməsi niyə uzadılır? Tibbi ekspertlər üçün nə çətindir, bunu konkret müəyyən etmək? Döyüşçüdə, psixatrik müalicə ehtiyaclı qədər ruhi-emosional pozuntu varsa, bunun bir qədər dərin araşdırılsa həmin mərmi partlayışından aldığı “kontuzuya” ilə bağlılığını görmək çətindirmi? İnsan axı, müharibəyə tam sağlam gedib döyüşüb, orada alıb bu problemi və öncədən belə psixi pozuntulu idisə cəbhəyə necə qəbul edilib, necə döyüşüb medallar alıb?

Və qəlpə yarasının özü də əlilliyə əsas verə bilir.

Bunlar məsələnin səhiyyə, tibbi tərəfi. Digər bir tərəfi isə, qazi özünü nədən icra hakimiyyətinin qarşısında yandırmağa cəhd etsin? Niyə, bunu təhsil, vergilər, polis və s. idarələrin qarşısında etməsin? Demək, qazinin rayon rəhbərliyindən dəstəyə ehtiyacı olub və yəqin, etinasızlıq olub.   Müharibə əlilləri isə kövrək təbəqədir. Yerli icra orqanları demək ki qazilərə diqqəti artırmalıdır.

Müharibə ən ağır hadisədir təbiətən. Onun da iştirakçısı olmaq ən ağır, fəsadlı məşğuliyyətdir.

Ona görə, bu insanlara xüsusi bir yanaşma var bütün dünyada. Məmurlu, cəmiyyətli hamımız bir vətən borcu kimi qazilərimizə qarşı diqqətli və qayğılı olmalıyıq. Əsas da, dövlətin qazilərin rifahı, maddi, sağlıq və s. durumu üçün ayırdığı  imkanlar tam, qaydalı, sistemli icra olunmalıdır.

 





05.07.2022    çap et  çap et